Milli komandamızın qadın heyəti İraqda keçirilən Asiya Kubokunun ikinci mərhələsində komanda hesabında birinciliyi əldə edib. Yığma turnirdən daha bir mükafatla – gümüş medalla ayrılıb.
Azərbaycanın kamandan oxatma yığması İraqın Süleymaniyə şəhərində təşkil olunan Asiya Kubokunun ikinci turunda uğurla çıxış edərək iki medal əldə edib. Komanda tərkibində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova yer alıb.
Həmin üçlük final mərhələsində rəqib Qazaxıstan yığmasını məğlub edərək (hesab 5:4 olub) turnirin birincisi elan olunub.
Qarışıq cütlüklər bölməsində isə Yaylagül Ramazanova ilə Məhəmmədəli Əliyevdən formalaşan tandem finala çıxmağı bacarıb. Lakin son görüşdə İran nümayəndələrinə təslim olaraq ikinci pillədə qərarlaşıblar və gümüş mükafatla kifayətləniblər.
Beləcə, Azərbaycan yığması Süleymaniyə mərhələsini ümumilikdə bir qızıl, bir gümüş medalla tamamlayıb.
Turnir haqqında məlumat
Oktyabrın 24-dən 29-dək davam edən yarış Dünya Kamandan Oxatma Federasiyasının (World Archery) təsdiqlədiyi rəsmi təqvimdə yer alan reytinq müsabiqələrindən biridir.
