Bosniya və Herseqovinada Avropa Vc nəqliyyat dəhlizinə daxil olan Zenitsa Şimal–Qolubinya avtomobil yolunun 20 kilometrlik hissəsi istifadəyə verilib. Yolu Azərbaycanın “Azvirt” MMC-si yerli “Hering” şirkəti ilə konsorsiumda inşa edib.
Azərbaycanın yol-tikinti şirkəti “Azvirt” MMC Bosniya və Herseqovinada növbəti infrastruktur layihəsini tamamlayıb. Şirkət trasanın texniki cəhətdən ən çətin hissələrindən biri sayılan 5,3 kilometrlik Vranduk–Ponirak sahəsinin tikintisində iştirak edib. Qısa məsafəyə baxmayaraq, bu bölmədə iki körpü, bir tunel və üç böyük viaduk tikilib, onlardan ən hündürü 112 metrə çatır. Yolun dağlıq və dik relyefli ərazidən keçməsi səbəbindən tikinti işləri zamanı çoxsaylı hündür istinad divarları da ucaldılıb.
Açılış mərasimində bir sıra rəsmi şəxslər iştirak edib: Bosniya və Herseqovina Federasiyasının baş naziri Nermin Niksiç, Federasiyanın nəqliyyat və rabitə naziri Andrijana Katiç, ölkənin dövlət yol idarəsinin rəhbəri Denis Lasiç, Avropa İttifaqının Bosniya və Herseqovinadakı nümayəndəliyinin başçısı Luici Soreca, Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev və “Azvirt”in baş direktoru Kamil Əliyev. Çıxış edənlər podratçı tərəflərə minnətdarlıq bildirərək əməkdaşlığın davam etdiriləcəyinə ümid ifadə edib.
Bundan əvvəl, 2024-cü ilin sonunda “Azvirt” Çinli tərəfdaşlarla birgə Bosniya və Herseqovinada Poçitel körpüsünün tikintisini də başa vurmuşdu. Təxminən 100 metr hündürlüyündəki viaduklar üzərində qurulan bu körpünün ümumi uzunluğu 945 metrdir. Şirkətin Serbiya, Ukrayna və Qırğızıstanda da müxtəlif infrastruktur layihələrində iştirak etdiyi bildirilir.
“Azvirt”in baş direktoru Kamil Əliyev bildirib ki, şirkətin xaricdəki nailiyyətlərində Azərbaycan dövlətinin göstərdiyi dəstək mühüm rol oynayıb. Onun sözlərinə görə, bu dəstək Azərbaycan mühəndis və mütəxəssislərinin bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradıb, buna görə də şirkət hər yeni layihədə göstərilən etimadı doğrultmağa çalışır.
Şirkətin Azərbaycandakı layihələri
Son beş-altı ildə “Azvirt” ölkə daxilində də bir sıra iri tikinti işlərini yerinə yetirib. Bunlara Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının uçuş-enmə zolaqlarının, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yollarının, həmçinin Bakı–Quba–Rusiya sərhədinə gedən yolun bir hissəsinin inşası daxildir.
Hazırda şirkətin iş gündəliyində Kəlbəcər–Laçın avtomobil yolu, Ələt Kargo Terminalı, Zəngəzur dəhlizinin dəmir yolu xətti (TRIPP) və Bakı metrosunun “28 May” stansiyasında yaşıl və qırmızı xətlərin ayrılması layihəsi yer alır.

