London-Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinin təyyarəsi partlayış təhlükəsi ilə bağlı Budapeştdə təcili eniş edib. Bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi məlumat yayıb.
Nazirin sözlərinə görə, hadisə ilə əlaqədar NATO-nun hava hücumundan müdafiə xidməti ALPHA həyəcan siqnalı verib. Fövqəladə vəziyyət barədə xəbərdar edilən Macarıstan Silahlı Qüvvələrinin “Gripen” qırıcıları bir neçə dəqiqə ərzində havaya qalxıb.
Qırıcılar problemli təyyarəni Budapeştdəki Ferents List adına Beynəlxalq Hava Limanına qədər müşayiət edib. Açıqlama Macarıstanın müdafiə naziri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.
