ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Vaşinqtonun İsrailə hər il ayırdığı təxminən 4 milyard dollarlıq hərbi yardım bu ilin sonunda tamamilə dayandırılacaq. Bunun səbəbi kimi İsrailin artıq xarici dəstəyə ehtiyac duymayan güclü dövlətə çevrilməsi göstərilib.
Donald Tramp bu açıqlamanı “Fox News” telekanalına verdiyi müsahibədə edib. ABŞ lideri bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə hərbi yardımın kəsilməsi barədə saziş əslində bir neçə ay əvvəl imzalanıb.
Tramp vurğulayıb ki, qərar hər iki tərəfin razılığı əsasında qəbul olunub və İsrail bu addıma qarşı çıxmır. Onun sözlərinə görə, bu, ölkənin indi iqtisadi və hərbi sahədə özünü tam təmin edə bilməsi ilə bağlıdır.
ABŞ başçısı bildirib ki, İsrailin artıq kənar yardıma ehtiyacı qalmayıb, ona görə də il başa çatdıqdan sonra maliyyə dəstəyi dayandırılacaq.
Eyni zamanda, Tramp qeyd edib ki, gələcəkdə zərurət yaranacağı halda ABŞ yenidən İsrailə kömək göstərməyə hazırdır. O, İsraili Vaşinqton üçün sadiq və etibarlı tərəfdaş adlandırıb.
