Taksi sifarişi platformaları ilə çalışan sürücülər üçün indiki 18 manatlıq sabit vergi yerinə, operatorun ödədiyi məbləğin 1 faizi həcmində ödəniş tətbiq oluna bilər. Bu təşəbbüs Vergi Məcəlləsinə edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Taksi sürücüləri üçün verginin hesablanma qaydasının dəyişdirilməsi təklifi parlamentdə müzakirə olunub. Məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında bildirib ki, hazırda sürücülər qazanc məbləğindən asılı olmayaraq fərqlənmə nişanı aldıqları zaman 18 manat sadələşdirilmiş vergi ödəyirlər.
Yeni təklifə görə, vergi sabit olmayacaq: operator sürücüyə ödəniş edərkən məbləğin 1 faizini tutacaq. Beləliklə, operatordan 1 800 manatdan az ödəniş alan sürücülərdən 18 manatdan az, bu həddi aşanlardan isə 18 manatdan çox vergi alınacaq.
Dövlət Vergi Xidmətinin hesablamalarına əsasən, yeni qayda qüvvəyə minərsə, hər sürücüyə düşən orta vergi yükü 18 ilə 20 manat arasında dəyişəcək. Nicat İmanov qeyd edib ki, bu addımdan daha az qazanan sürücülər faydalanacaq.
Həmçinin oxuyun: Vergi Məcəlləsinə düzəliş: ağıllı saat da mobil cihaz sayılacaq | Vergi Məcəlləsində maliyyə sanksiyalarına dair dəyişiklik təklif olunur
