Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, oktyabrda kommersiya obyektlərinin icarə indeksi aylıq kəsimdə 6,7 faiz artaraq 104,9-a çatıb. Eyni zamanda bu seqmentin satış bazarında qiymətlər demək olar dəyişməz qalıb.
AQP-nin hesablamalarına əsasən, kommersiya əmlakının icarəsində median icarə qiyməti sentyabrdakı 15 manatdan oktyabrda 16 manata qalxıb. Median aylıq icarə məbləği 2 000 manat səviyyəsində qeydə alınıb. Palata bildirib ki, ofis, ticarət, iaşə, anbar və istehsal təyinatlı obyektlərin xüsusiyyətləri fərqli olduğundan, təklif strukturundakı dəyişikliklər ümumi median göstəriciyə təsir göstərə bilər.
Satış bazarında isə vəziyyət sabit qalıb: oktyabrda median qiymət kvadratmetrə 2 869,6 manat, indeks isə 98,4 olub. Bu, sentyabrla müqayisədə cəmi 0,05 faiz azalma deməkdir. Göstərici baza dövründən 1,6 faiz aşağıdır, yəni satış qiymətləri hələ başlanğıc səviyyəyə qayıtmayıb.
Torpaq bazarında isə artım davam edib. Oktyabrda median təklif qiyməti sotuna 16 250 manat, indeks isə 121,9 olub ki, bu da sentyabrla müqayisədə 2,2 faizlik yüksəlişdir. Aprel 2026-cı ilin baza dövrü ilə müqayisədə isə qiymət səviyyəsi 21,9 faiz artıb.
AQP vurğulayıb ki, torpaq sahələrinin dəyərinə yerləşmə, təyinat, kommunal və nəqliyyat infrastrukturu, ölçü və sənədləşmə vəziyyəti kimi amillər təsir edir. Buna görə ümumi indeksdəki artımın konkret torpaq sahəsinin bazar dəyərinə birbaşa tətbiqi düzgün sayılmır.
