“Azərbaycan Sənaye Sığorta” ASC bu ilin yanvar-sentyabr aylarında 769 min manat xalis mənfəət əldə edib, halbuki keçən il eyni dövrdə şirkət 1,532 milyon manat zərərlə işləmişdi.
Şirkətin doqquz aylıq gəlirləri 26,886 milyon manata çatıb ki, bu da bir il öncəyə nisbətən 28,2 faiz artım deməkdir. Eyni dövrdə xərclər 25,925 milyon manat təşkil edib və 15,2 faiz yüksəlib. Şirkət həmçinin 192 min manat mənfəət vergisi ödəyib, əvvəlki ildə isə vergi ödəməsi olmamışdı.
Oktyabrın 1-nə “Azərbaycan Sənaye Sığorta”nın aktivləri 32,913 milyon manat səviyyəsində qeydə alınıb ki, bu da illik kəsimdə 7,55 faiz azalma göstərir. Şirkətin öhdəlikləri 8,7 faiz aşağı düşərək 22,557 milyon manata, balans kapitalı isə 4,85 faiz azalaraq 10,356 milyon manata enib.
“Azərbaycan Sənaye Sığorta” 2008-ci ildə yaradılıb və 1996-cı ildən fəaliyyət göstərən “Cİ Sığorta” MMC-nin hüquqi varisi sayılır. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır. Səhmlərin 95 faizi “Anadolu İnvestment Company” MMC-yə, 5 faizi isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.
