Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri xərclərini 3 milyard 963,6 milyon manat üstələyib. Eyni zamanda əsaslı xərclər azalarkən cari xərclər artıb.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 29 milyard 311,8 milyon manat, xərcləri isə 25 milyard 348,2 milyon manat təşkil edib. Gəlirlər təsdiq edilmiş proqnozu 787,4 milyon manat, yəni 2,8 faiz üstələyib, xərclər isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 680 milyon manat (2,8 faiz) artıb.
Büdcə xərclərinin daxili quruluşunda isə əks istiqamətli meyil müşahidə edilib. Belə ki, ilin ilk doqquz ayında əsaslı xərclər 7 milyard 284,7 milyon manata enib ki, bu da bir il əvvəlki göstəricidən 820,3 milyon manat (10,1 faiz) azdır.
Bunun əksinə olaraq, cari xərclər 1 milyard 567,3 milyon manat (10,4 faiz) artaraq 16 milyard 613,7 milyon manata çatıb. Nəticədə ümumi büdcə xərclərində cari xərclərin xüsusi çəkisi 65,6 faizə, əsaslı xərclərin payı isə 28,7 faizə düşüb.
Müqayisə üçün, 2025-ci ilin eyni dövründə cari xərclərin payı təxminən 61 faiz, əsaslı xərclərin payı isə 32,9 faiz səviyyəsində olub. Beləliklə, bir ildə cari xərclərin payı təxminən 4,6 faiz bəndi artıb, əsaslı xərclərin payı isə 4,2 faiz bəndi azalıb.
İcmal büdcə üzrə göstəricilər də açıqlanıb: hesabat dövründə icmal büdcənin gəlirləri 36 milyard 730,4 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat olub. Bunun nəticəsində icmal büdcədə 6 milyard 640,5 milyon manat profisit formalaşıb.
