Azərbaycanlı boksçu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində finalda türkiyəli Tevfik Akkası məğlub edərək ardıcıl üçüncü dəfə qitə çempionu adını qazanıb.
19 yaşlı boksçu final görüşündə rəqibinə 5:0 hesabı ilə üstünlük qazanıb. Hakimlər qarşıdurmanı 29:28, 29:27, 30:25, 30:27 və 29:26 xallarla Nəzərovun xeyrinə qiymətləndiriblər.
Bu qələbə ilə Nəzərov Azərbaycan boksunda yeni tarix yazıb. Millimizdə gənclər arasında yeganə ikiqat Avropa çempionu olan idmançı 2024-cü ildə də məhz Poreçdə, bir il sonra isə Ostravada qitənin ən güclüsü adını qazanmışdı.
Azərbaycan yığması çempionatda indiyədək 3 medal qazanıb. Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) yarışı bürünc medalla başa vurublar.
39 ölkədən 276 boksçunun iştirak etdiyi turnirdə millimizin daha bir nümayəndəsi – Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.
