Dövlət istiqrazları hərracında təklifin cəmi onda biri yerləşdirilib - carci.news
carci.news
Maliyyə və bank

Dövlət istiqrazları hərracında təklifin cəmi onda biri yerləşdirilib

Bakı Fond Birjasında keçirilən hərracda Maliyyə Nazirliyinin 200 milyon manatlıq dövlət istiqrazlarına 267 milyon manatdan çox sifariş daxil olsa da, yalnız 19,6 milyon manatlıq istiqraz satılıb.

Hərrac sentyabrın 29-da 1080 gün tədavül müddətli, AZ0201240055 ISIN kodlu kuponlu istiqrazlar üzrə keçirilib. Bir istiqrazın nominal dəyəri 100 manat, illik kupon dərəcəsi isə 7 faiz olaraq təyin edilib. İstiqrazların ödəniş tarixi 2029-cu ilin 29 sentyabrı, anderrayteri isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

12 investordan ümumilikdə 28 sifariş daxil olub, bunların nominal dəyər üzrə cəmi 267 milyon 199 min manata çatıb. Bu, elan olunmuş 200 milyon manatlıq buraxılış həcmini 33,6 faiz üstələyib, tələb-təklif nisbəti isə 1,34 dəfə olub.

Bununla belə, faktiki yerləşdirilən istiqrazların həcmi cəmi 19 milyon 595 min 800 manat təşkil edib – bu, elan olunan həcmin 9,8 faizinə, ümumi sifarişlərin isə təxminən 7,3 faizinə bərabərdir. Yəni buraxılışın 180 milyon manatdan çox hissəsi bu dəfə bazara çıxarılmayıb.

Sifarişlər üzrə ortaçəkili qiymət 99,5100 manat, buna uyğun gəlirlilik 7,1844 faiz olub. Kəsmə qiyməti isə 99,3366 manat, kəsmə gəlirliliyi 7,2500 faiz kimi müəyyənləşib. İnvestorların təklif etdiyi qiymətlər arasında ən aşağısı 94,8421 manat (9 faizlik gəlirliliyə uyğun), ən yüksəyi isə 100 manat (7 faizlik gəlirliliyə uyğun) olub.

Rəqəmlər onu göstərir ki, investorların bir qismi 9 faizədək gəlirlilik gözləsə də, Maliyyə Nazirliyi əsasən daha aşağı gəlirlilik tələb edən sifarişləri qəbul edib. Nəticədə bazarda dövlət istiqrazlarına marağın yüksək olmasına baxmayaraq, bu tələbin böyük hissəsi emitentin razılaşdığı qiymət diapazonundan kənarda qalıb.

Related posts

Bakı Fond Birjasında üç yeni istiqraz buraxılışı: 10-15% aralığında

Editor

AFB Bank 9 ayda aktivlərini 79,2 faiz artırıb

Editor

Rabitəbank tərəfdaşları ilə əməkdaşlığı müzakirə edib

Editor

Şərh yazın

IP geolocation by DB-IP