Şri-Lankada bu il denqe virusuna yoluxma faktları 100 mindən çox qeydə alınıb, xəstəlik 77 nəfərin ölümünə səbəb olub.
Ölkənin Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, yoluxma hallarının əksəriyyəti Şri-Lankanın qərb bölgəsində müşahidə edilib. Mütəxəssislər bunu musson mövsümündəki yağıntılarla, daşqınlarla və ərazidə toplanan tullantılarla əlaqələndirir, çünki bu şərait ağcaqanadların çoxalması üçün münbit mühit yaradır.
Denqe xəstəliyi əsasən tropik və subtropik iqlim qurşağında rast gəlinən virus infeksiyasıdır və “Aedes aegypti” növünə mənsub ağcaqanadlar vasitəsilə yayılır. Xəstəliyə tutulanlarda yüksək hərarət, ürəkbulanma, dəri səpməsi, baş və bel nahiyəsində ağrılar müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan bu virusu insan sağlamlığına yönəlik ən ciddi qlobal təhlükələr sırasına daxil edib. Xəstəliyə qarşı hazırda heç bir spesifik dərman preparatı yoxdur. Tarixi qeydlərə görə, denqenin XVIII əsrdən yayıldığı ehtimal edilir, lakin onun virus mənşəli olduğu yalnız XX əsrin əvvəllərində elmi şəkildə sübuta yetirilib.
