Yaponiyada iPS kök hüceyrələrindən hazırlanan “ürək yamağı” ilk dəfə eksperimental deyil, standart klinik müalicə çərçivəsində xəstəyə transplantasiya edilib. Əməliyyat Osaka şəhərindəki xəstəxanada aparılıb.
Cərrahi müdaxilə təxminən 50 dəqiqə çəkib. Prosedur Kanaqava prefekturasından olan, təxminən 50 yaşlı qadın üzərində aparılıb. Qadın miokard infarktı keçirdikdən sonra ağır ürək çatışmazlığından əziyyət çəkirmiş.
Tətbiq olunan vasitə “RiHEART” adlanır və iPS hüceyrələri əsasında yaradılan ürək əzələsi hüceyrələrindən ibarət nazik təbəqədən ibarətdir. Bu “plastır” zədələnmiş ürək toxumasının bərpasına dəstək məqsədilə birbaşa orqanın üzərinə qoyulur.
Bildirilib ki, vasitənin əsas funksiyası yeni qan damarlarının əmələ gəlməsinə şərait yaratmaq və ürək əzələsinin işini gücləndirməkdir. “RiHEART” xüsusilə işemik kardiomiopatiyanın ağır formasından əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub — bu xəstəlik qan və oksigen axınının pozulması, çox vaxt isə keçirilmiş infarkt və ya koronar arteriyaların zədələnməsi nəticəsində ürək əzələsinin zəifləməsi ilə xarakterizə olunur.
Bu texnologiyanın ilk sınağı hələ 2020-ci ilin yanvarında Osaka Universitetində aparılmışdı, o zaman iPS hüceyrələrindən əldə olunan ürək əzələsi təbəqəsi xəstəyə köçürülmüşdü. Lakin həmin proses o vaxta qədər yalnız klinik sınaq mərhələsində qalırdı, indi isə ilk dəfə standart müalicə metodu kimi tətbiq olunub.
