Çinin Nankin şəhərində davam edən Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan komandasının üzvləri Muhamməd Həsənli ilə Ömər Qasımlı batut gimnastikası sinxron proqramında bürünc medal qazanıblar.
Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan idmançıları növbəti uğurlarını qeydə alıblar. Azərbaycan Gimnastika Federasiyasının yaydığı açıqlamaya əsasən, 13-14 yaş qrupunda sinxron proqramda iştirak edən Muhamməd Həsənli və Ömər Qasımlı yekun mərhələdə 46,160 bal toplayaraq üçüncü pillədə yer alıblar.
Həmin proqramın 17-21 yaş kateqoriyasında isə Mehdi Əliyev ilə Nicat Mirzəyev çıxış ediblər. Cütlük seçim turunu 48,960 xalla dördüncü mövqedə tamamlayaraq finala vəsiqə qazanıb.
Tamblinqin fərdi proqramında Azərbaycanı 11-13 yaş qrupunda Əsnad Niftiyeva təmsil edib. İdmançı 42,700 xal əldə edərək səkkizinci yerdən final mərhələsinə yüksəlib.
Federasiya bildirib ki, Azərbaycan nümayəndə heyəti Nankində davam edən yarışlarda mübarizəsini sürdürür.
