Paytaxtda kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dəfə təşkil olunan yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının təntənəli açılış mərasimi baş tutub. Yarışı Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası birlikdə təşkil edib.
Noyabrın 4-də Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının təntənəli açılışı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian və Rusiya Federasiyasının fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov iştirak edib.
Mərasimə qonaq qismində Belarus Respublikasının fövqəladə hallar naziri, daxili xidmət general-mayoru Vadim Sinyavski və Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini, polkovnik Sanjar Zuparov da qatılıb. Qırğız Respublikasını nazir müavini, polkovnik Almazbek Asanov təmsil edib, Azərbaycan Milli Olimpiya Komitəsini isə vitse-prezident Çingiz Hüseynzadə və baş katib Azər Əliyev təmsil edib. Mərasimdə həmçinin federasiyaya üzv ölkələrin komanda heyətləri, hakimlər və dəvətli qonaqlar iştirak edib.
Tədbir komandaların təntənəli keçidi ilə açılıb, ardınca Azərbaycanın Dövlət Himni və federasiyanın himni səslənib. Çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, son illərdə ölkədə formalaşan müasir idman infrastrukturu Azərbaycanı böyük beynəlxalq yarışların etibarlı ev sahibinə çevirib. O əlavə edib ki, Bakıda keçirilən bu çempionat yanğınsöndürmə-xilasetmə sahəsinin inkişafına və ölkələr arasında təcrübə mübadiləsinə ciddi töhfə verəcək.
Federasiyanın prezidenti Aleksandr Çuprian, təşkilatın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxışlarında yarışın təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Sonra çempionat rəsmən açıq elan edilib, ardınca bədii proqram təqdim olunub.
İlk yarış gününün nəticələri
Açılış günündə hücum nərdivanı ilə yuxarı mərtəbələrə qalxma növü üzrə yarışlar keçirilib. Kişilər arasında 4-cü mərtəbəyə qalxışda birinci yeri Dmitri Qrebenşikov (Rusiya Federasiyası) tutub, ikinci olub Zelimxan Kubayev (Rusiya Federasiyası), üçüncülüyü isə Stanislav Titorenko (Rusiya Federasiyası) qazanıb.
Qadınlar arasında 2-ci mərtəbəyə qalxma yarışında qalib Mariya Kataseva (Rusiya Federasiyası) olub. İkinci pilləni Belarus Respublikasından Aleksandra Lasenkova, üçüncü pilləni isə yenə Rusiya Federasiyasının nümayəndəsi Yekaterina Sidorenko tutub. Medalları Kəmaləddin Heydərov və Aleksandr Çuprian təqdim edib, mükafatlandırma zamanı qalib ölkələrin himnləri ifa olunub.
Dünya çempionatında idmançılar dörd ayrı istiqamətdə güclərini sınayacaqlar: tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə hücum nərdivanı ilə qalxma, 100 metrlik maneəli qaçış, 4×100 metrlik yanğınsöndürmə estafeti və döyüş açılışı üzrə yarışlar.
