Azərbaycan səhiyyə reytinqi Numbeo-da 92-ci yerdə
carci.news
Sağlam həyat

Numbeo indeksi: Azərbaycan səhiyyədə qonşularının hamısından geridə

“Numbeo” platformasının 2026-cı ilin birinci yarısı üçün hazırladığı qlobal səhiyyə indeksində Azərbaycan 101 ölkə arasında 92-ci pillədə qərarlaşaraq regiondakı bütün qonşu dövlətlərdən aşağı göstərici ilə yer alıb.

Azərbaycan səhiyyə reytinqində 49,02 bal toplayaraq 101 dövlət arasında 92-ci sırada qeydə alınıb. Eyni zamanda Türkiyə 71,34 balla cədvəlin 24-cü pilləsində qərarlaşaraq bölgə ölkələri arasında birinci olub və hətta 25-ci sırada olan Almaniyanı da geridə qoyub.

Region dövlətlərinin digər nəticələri də Azərbaycandan əhəmiyyətli dərəcədə yüksəkdir. Özbəkistan 64,42 balla 49-cu, Rusiya 61,69 balla 60-cı pillədə yerləşib, Qazaxıstan 60,70 balla 61-ci, Ermənistan isə 59,99 balla 62-ci sırada qərarlaşıb, Gürcüstan isə 56,46 balla 77-ci yerdə qeydə düşüb.

Ekspertdən qiymətləndirmə: sistemdə təşkilati boşluqlar var

Səhiyyə eksperti Adil Qeybulla açıqlamasında qeyd edib ki, bu cədvəl tərtib edilərkən əsas çəki tibbi sığortaya yönəldilən maliyyə miqdarına deyil, xəstə məmnunluğuna, xidmətlərin əlçatanlığına və əhali sağlamlığına göstərilən diqqətə verilib. Onun sözlərinə görə, bu səbəbdən Türkiyə maliyyə göstəricilərinə görə Almaniyadan geri qalsa da, ümumi reytinqdə ondan irəlidə qərarlaşıb.

Qeybulla Azərbaycanın bu qədər aşağı sırada olmasını qəribə hal kimi səciyyələndirib, çünki ölkədə robotla aparılan cərrahi əməliyyat qurğuları və PET KT skanerləri kimi müasir Avropa texnologiyaları artıq tətbiq olunur. Onun fikrincə, bu vəziyyət tibb sisteminin təşkilində kifayət qədər problemlərin mövcud olduğuna dəlalət edir.

Ekspertin qənaətincə, əhalinin sağlamlığını qorumaq məqsədilə səhiyyənin tam rəqəmsallaşdırılması, hər vətəndaş üçün fərdi elektron tibb kartının tətbiqi və əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsində beynəlxalq standartların tətbiqi vacibdir. Bununla yanaşı, o, sistemdəki lazımsız və səmərəsiz qurumların ləğvinin zəruriliyini də vurğulayıb.

Related posts

Mebendazol qurd dərmanı davamlı ağciyər xərçəngi hüceyrələrini zəiflədib

Editor

Bir çox hallarda qan analizlərindən əvvəl ac qalmağa ehtiyac yoxdur

Editor

Yaponiyada kök hüceyrələrdən “ürək plastırı” ilk dəfə adi müalicədə tətbiq olunub

Editor

Şərh yazın

IP geolocation by DB-IP