Polis polkovniki Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutan Avropa çempionatında iki qızıl medala sahiblənib. Bu uğurla idmançı karyerasında artıq 13-cü dəfə qitə birincisi titulunu qazanıb.
Noyabrın 7-14-i aralığında WAKO federasiyasının təşkilatçılığı ilə keçirilən Avropa çempionatında Azərbaycanı təmsil edən Eduard Məmmədov “Master Class” bölməsində, 63 kiloqramlıq çəki dərəcəsində iki ayrı üslubda yarışıb. İdmançı bu nəticə ilə kikboks üzrə Avropa çempionu kimi fərqlənib.
“Light Contact” üslubu üzrə final görüşündə o, Portuqaliyanı təmsil edən Emanuel Kortesi üzərində üstünlük qazanıb. Bununla da ilk qızıl medalını qazanan idmançı yarışı davam etdirib.
İkinci qızıl isə “Kick Light” üslubunda gəlib: əvvəlcə macar rəqibi Marton Hasıya, ardınca isə italiyalı Alessandro La Mantiaya qalib gələn Eduard Məmmədov fəxri kürsünün birinci pilləsinə yüksəlib.
13-cü Avropa çempionluğu
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində İdman-təlim şöbəsinə rəhbərlik edən polis polkovniki Eduard Məmmədov bundan öncə də çoxsaylı dünya və Avropa birinciliklərində zəfər qazanıb. Hazırkı qələbələrlə onun karyerasındakı Avropa çempionluqlarının sayı 13-ə çatıb.
İdmançı əldə etdiyi uğurları şəhidlərin xatirəsinə ithaf etdiyini vurğulayıb.
