“Aframax” tipli “Xankəndi” tankeri milli donanma tarixində ilk dəfə olaraq müstəqil Azərbaycan bayrağını daşıyaraq Avstraliya sularına qədəm qoyub və Gilonq limanına lövbər salıb. Bu, ölkəmizin bayrağı altında üzən gəminin həmin ölkəyə ilk gəlişi kimi tarixə yazılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) açıqlamasına əsasən, “Xankəndi” tankeri Bruneyin Seria limanından hərəkətə başlayıb və 18 günlük kəsintisiz üzgüçülükdən sonra Avstraliyanın Gilonq limanında yükünü müvəffəqiyyətlə təhvil verib. Yola düşmə tarixi oktyabrın 19-u olub.
Dənizçilik və ekoloji sahədə ciddi qaydaların tətbiq edildiyi bu Avstraliya limanında gəmi bütün tələbləri yerinə yetirib. Belə ki, tanker həm yerli ekoloji monitorinqdən, həm də ABS təsnifat təşkilatının illik yoxlamasından uğurla keçib.
Gəminin limanda qaldığı müddətdə heyət tərkibi yenilənib, yanacaq ehtiyatı doldurulub. Bundan əlavə, təhlükəsizlik avadanlıqlarına, radio rabitəsinə və GMDSS sisteminə illik texniki baxış aparılıb.
Gəminin mülkiyyəti və texniki parametrləri
“Xankəndi” tankeri 2024-cü ildə ASCO ilə SOCAR-ın bərabər paylarla təsis etdiyi “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin mülkiyyətinə keçib. Həmin ilin avqust ayında Türkiyənin Aliağa limanında gəmidə Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılaraq istismara başlanılıb.
Tankerin yükgötürmə qabiliyyəti 115 min 521 tondur. Gəminin uzunluğu 249,95 metr, eni isə 44 metrdir, bort hündürlüyü 21,20 metrə, suya batma dərinliyi isə 15,22 metrə çatır, maksimum sürəti isə 16 dəniz milidir.
