2021-ci ilin əvvəlindən 2026-cı ilin ortasınadək Azərbaycanda əlillik səbəbilə əmək pensiyası alan vətəndaşların sayı 373 809-dan 245 187 nəfərə enib. Göstərici 128 622 nəfər, yəni 34,4 faiz kiçilib.
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə dair Hesablama Palatasının hazırladığı rəydə əlillik pensiyası alanların sayında ciddi azalma qeydə alınıb. Sənəddə bu göstərici başqa pensiya növləri üzrə rəqəmlərlə müqayisə edilərək təqdim olunub.
Rəydə bildirilir ki, analiz olunan dövrdə ölkə üzrə əmək pensiyası alan şəxslərin ümumi sayı 1 228 829-dan 1 099 979-a qədər azalıb. Bu, beş il yarımlıq müddət ərzində 128 850 nəfərlik, yaxud təxminən 10,5 faizlik geriləmə deməkdir.
Sənəddəki rəqəmlərin müqayisəsi onu göstərir ki, bu ümumi azalmanın demək olar tamamı — dəqiq desək, 99,8 faizi — əlillik pensiyası alanların sayının kəskin aşağı düşməsi ilə izah olunur. Digər pensiya kateqoriyalarında isə rəqəmlər cüzi dəyişib.
Belə ki, yaşa görə təqaüd alan şəxslərin sayı 716 222-dən 716 025-ə düşüb, yəni fərq cəmi 197 nəfər, təxminən 0,03 faiz təşkil edib. Ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə 138 798-dən 138 767-yə enib ki, bu da 31 nəfərlik, yəni 0,02 faizlik dəyişikliyə uyğundur.
Hesablama Palatası sənəddə əlillik pensiyası alanların sayındakı bu kəskin azalmanın arxasında hansı səbəblərin dayandığına dair heç bir izahat verməyib.
Həmçinin oxuyun: Hesablama Palatası zərərlə işləyən dövlət şirkətlərinin ləğvinə baxılmasını təklif edib | Hesablama Palatası: gömrük gəlirlərində 300 milyon manatlıq risk var
