Azərbaycan Respublikasının Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinə rəyində Dövlət Gömrük Komitəsi (DGK) üzrə proqnozlaşdırılan gəlirlərin tam yerinə yetirilməməsi riskinə diqqət çəkib. Söhbət təxminən 300 milyon manatdan (176 milyon dollar) gedir.
Hesablama Palatasının sənədinə görə, 2027-ci ildə DGK xətti ilə dövlət büdcəsinə təqribən 6,87 milyard manat (4,04 milyard dollar) daxilolma gözlənilir. Bu, 2025-ci ilin faktiki göstəricisini 498,1 milyon manat (7,8 faiz), 2026-cı il proqnozunu isə 6 milyon manat (0,1 faiz) üstələyir. Proqnozun əsas şərtlərindən biri idxalın 32,2 milyard manata (18,9 milyard dollar) çatması ilə bağlıdır, lakin idxal mallarına tətbiq olunan güzəşt və azadolmalar büdcə gəlirlərini azaltmaq riski yaradır.
Palatanın hesablamalarına əsasən, 2027-ci ildə gömrük gəlirlərinin idxal həcminə nisbəti 2025-ci ilin faktiki səviyyəsindən 0,6 faiz bəndi yüksək, 2026-cı il proqnozundan isə 0,3 faiz bəndi aşağı olacaq.
Keçən illərin icra təcrübəsi risk kimi qiymətləndirilir
2025-ci ildə idxalın proqnozlaşdırılan 18,4 milyard dollar əvəzinə 18,1 milyard dollar təşkil etdiyi şəraitdə, DGK xətti ilə nəzərdə tutulan 6,6 milyard manatlıq (3,88 milyard dollar) gəlir hədəfi tam yerinə yetirilməyib — faktiki daxilolma 6,37 milyard manat (3,75 milyard dollar) olmaqla, proqnozdan 230,1 milyon manat (3,5 faiz) az olub.
2026-cı il üçün idxal 18,7 milyard dollar səviyyəsində proqnozlaşdırılsa da, ilin doqquz ayında faktiki idxal 13,2 milyard dollara çatıb. Həmin dövrdə DGK xətti ilə büdcəyə 4,97 milyard manat köçürülüb ki, bu da nəzərdə tutulan 4,98 milyard manatdan 10,7 milyon manat (0,2 faiz) azdır.
Palatanın qiymətləndirməsinə görə, cari ildə idxalın proqnozdan aşağı olması gözləntisi fonunda DGK xətti ilə illik gəlirin 6,6 milyard manat civarında qalacağı ehtimal olunur ki, bu da təsdiqlənmiş proqnozdan 300 milyon manat (4,3 faiz) azdır. Sənəddə qeyd olunub ki, buna baxmayaraq, növbəti il üçün gömrük gəlirləri proqnozunun ilbəil artan məcmu məbləğ əsasında müəyyən edilməsi təcrübəsi davam etdirilir.
Hesablama Palatası beynəlxalq iqtisadi mühitdəki qeyri-müəyyənliyin, xüsusən əsas ticarət tərəfdaşlarının iqtisadi davranışındakı dəyişikliklərin idxal həcminə təsir edə biləcəyini vurğulayıb. Təchizat zəncirlərində yaranan maneələrin xarici ticarət dövriyyəsini azaltmaqla gömrük gəlirləri proqnozunun tam icrasına əngəl ola biləcəyi bildirilib.
ƏDV, aksiz və gömrük rüsumu üzrə proqnozlar
2027-ci ildə idxal mallarından ƏDV daxilolmaları 4,7 milyard manat (2,76 milyard dollar) səviyyəsində gözlənilir ki, bu da 2026-cı il proqnozundan 50 milyon manat (1,1 faiz) az, 2025-ci ilin faktından isə 377,7 milyon manat (8,7 faiz) çoxdur. Artımın əsas səbəbi kimi idxalın 19 milyard dollara çatacağı proqnozu göstərilib — bu, 2025-ci ilin faktından 900 milyon dollar (5 faiz) çoxdur.
Eyni zamanda, dövlətin 51 faiz və daha çox payına malik olduğu qeyri-neft-qaz sektoru müəssisələrindən ƏDV daxilolmalarının 80 milyon manat (40 faiz), digər rezident və qeyri-rezident hüquqi şəxslərdən isə 45 milyon manat (1,2 faiz) azalacağı gözlənilir. Fiziki şəxslərin idxal etdiyi mallardan ƏDV 10 milyon manat (1,7 faiz), büdcə təşkilatları və dövlət adından yaradılan hüquqi şəxslərdən isə 5 milyon manat (5,9 faiz) artacaq.
Aksiz vergisi üzrə 2027-ci il üçün 240 milyon manat (141,2 milyon dollar) gəlir proqnozlaşdırılır ki, bu da 2026-cı il proqnozundan 6 milyon manat, 2025-ci ilin faktından isə 7,3 milyon manat çoxdur. Palata bunu şəkərli mineral və qazlı içkilərin, həmçinin çipslərin aksizli mallar siyahısına daxil edilməsi ilə izah edib. Neft məhsullarından aksiz gəlirlərinin 6 milyon manat (31,6 faiz), spirtli içkilərdən 4 milyon manat (8 faiz) artması gözlənilsə də, içməli spirtdən 3,7 milyon manat (31,6 faiz), pivədən 2,1 milyon manat (20 faiz), tütün məhsullarından isə 2 milyon manat (10 faiz) azalma proqnozlaşdırılır.
Gömrük rüsumlarından daxilolmalar 2027-ci ildə təqribən 1,87 milyard manat (1,1 milyard dollar) təşkil edəcək ki, bu da 2026-cı il proqnozundan 49 milyon manat, 2025-ci ilin faktından isə 96,2 milyon manat çoxdur. Palataya görə, artımın əsas mənbəyi hüquqi şəxslər tərəfindən ödənilən idxal rüsumlarının 93 milyon manat (7,2 faiz) artması olacaq, fiziki şəxslərin ödədiyi rüsumlar isə 34 milyon manat (13,1 faiz) azalacaq.
Yol vergisi üzrə gəlirlər 61 milyon manat (35,9 milyon dollar) səviyyəsində proqnozlaşdırılır — bu, 2026-cı il proqnozundan 1 milyon manat, 2025-ci ilin faktından isə 17 milyon manat (38,6 faiz) çoxdur. Palata bunu litrə görə vergi dərəcəsinin artırılması ilə əlaqələndirib. İdxal olunan yanacaqdan yol vergisi 3,5 milyon manat (12,5 faiz) azalacaq, xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələri sahiblərindən isə 4,5 milyon manat (14,1 faiz) artım gözlənilir.
Hesablama Palatası yekun olaraq vurğulayıb ki, keçmiş illərin icra göstəriciləri, cari ilin doqquz aylıq nəticələri və idxalın proqnozlaşdırılan səviyyəyə çatmaması ehtimalı 2027-ci ildə DGK xətti ilə büdcə gəlirlərinin tam yerinə yetirilməməsi riski yaradır. Bu baxımdan gömrük gəlirləri proqnozlaşdırılarkən təkcə idxal həcminin deyil, beynəlxalq ticarət mühitindəki dəyişikliklərin və müxtəlif güzəşt mexanizmlərinin təsirinin də nəzərə alınmasının vacibliyi bildirilib.
Həmçinin oxuyun: Hesablama Palatası: büdcədənkənar gəlirlər 2027-ci ildə 7,1 faiz azalacaq
