Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində kabel, naqil və transformatorlardan ibarət 1,5 milyon dollar dəyərində yeni yük göndərib. Yardım Prezident İlham Əliyevin sərəncamı əsasında Energetika Nazirliyi tərəfindən təşkil olunub.
Yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli sərəncamına əsaslanır. Yükün tərkibinə 9 transformator, 186 kilometr kabel və 12 kV gərginlikli paylayıcı avadanlıq daxildir. Ümumi dəyəri 1,5 milyon dollar, yaxud 2,5 milyon manat təşkil edir.
Avadanlıqların göndərilməsi Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunub. Humanitar yükün təhvil verilməsi mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev, səfirliyin əməkdaşı Pərviz Əsədov və Ukrayna Energetika Nazirliyinin xarici əlaqələr departamentinin rəhbəri Aleksandr Boqdanets iştirak edib.
Qeyd olunub ki, Azərbaycan əvvəllər də Ukraynaya elektrik təchizatı sahəsində humanitar yardımlar göndərib.
