Azərbaycanda istehlak qiymətləri sentyabr ayında bir il əvvəlki göstəricidən 5,5 faiz yuxarı olub. Dövlət Statistika Komitəsi bildirir ki, əsas bahalaşma tərəvəz və yumurta məhsullarında qeydə alınıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, cari ilin yanvar-sentyabr aylarında qiymətlər keçən ilin uyğun dövrünə nisbətən 5,7 faiz bahalaşıb. İstehlak qiymətlərinin bu artımında əsas ağırlıq qida, alkoqollu içki və tütün qrupunun üzərinə düşüb – həmin qrupda qiymət artımı 6,9 faiz təşkil edib. Qeyri-ərzaq malları 3,7 faiz, ödənişli xidmətlər isə 5,5 faiz baha olub.
Sentyabr ayı özündən əvvəlki ayla müqayisədə 0,9 faizlik qiymət yüksəlişi ilə yadda qalıb ki, bu da aylıq inflyasiyanın təxminən 1 faiz səviyyəsində formalaşdığını göstərir. İlin əvvəlindən bəri illik inflyasiya göstəricisi çoxluqla 5 ilə 6 faiz arasında tərəddüd edib: yanvarda 5,4 faiz olan rəqəm aprel-may aylarında 6,3 faizədək qalxıb, ardınca iyunda 6 faizə, iyulda isə 5 faizə düşüb. Avqustda göstərici 4,9 faizə enərək ilin ən aşağı həddinə çatıb, sentyabrda isə yenidən 5,5 faizə qayıdıb.
Tərəvəz və yumurta qiymətlərində kəskin artım
Qida, alkoqollu içki və tütün qrupu üzrə sentyabr göstəriciləri avqustla müqayisədə 1,4 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 6,9 faiz yüksəlib. Ən böyük aylıq bahalaşma tərəvəz məhsullarında qeydə alınıb – 6,9 faiz. Yumurta 5,4 faiz, ət və ət məhsulları 2 faiz, balıq məhsulları isə 1,9 faiz baha olub.
Süd məhsulları 0,4 faiz, çörək-yarma qrupu 0,3 faiz, alkoqollu içkilər isə 0,4 faiz qiymət artımı yaşayıb. Bununla belə, kərə yağı 0,2 faiz, meyvələr isə 1,3 faiz ucuzlaşıb. Qarabaşaq yarması, mal-qoyun-toyuq əti, balıq, yumurta, göyərti, pomidor, xiyar, soğan və kartofun qiyməti qalxarkən, limon, alma, armud, üzüm, qoz və ağ kələmin qiyməti geriləyib.
Kirayə haqqı və təhsil xidmətləri bahalaşıb
Qeyri-qida məhsulları sentyabrda avqustla müqayisədə 0,4 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 3,6 faiz baha olub. Geyim, boya, taxta, mebel, noutbuk və planşet kimi mallar baha olarkən, zərgərlik məmulatlarının qiyməti aşağı düşüb.
Əhaliyə göstərilən ödənişli xidmətlərin qiyməti bir ayda 0,6 faiz, bir ildə isə 5,1 faiz artıb. Ali və orta ixtisas təhsili, xarici dil kursları, abituriyentlərin hazırlanması, mənzil icarəsi və bərbərxana xidmətləri bahalaşarkən, beynəlxalq hava sərnişin və yük daşımalarının qiyməti ucuzlaşıb.
