“Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı araşdırmada klubun sabiq baş məşqçisi Roberto Mançinini ilə əlaqəli qeyri-rəsmi ödəniş sxemi ortaya çıxıb. İddiaya görə, italiyalı mütəxəssis rəsmi müqavilədən əlavə, ildə cəmi bir neçə günlük məsləhətçilik işi müqabilində əlavə milyonlarla avro əldə edib.
İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “Mançester Siti”yə qarşı aparılan maliyyə araşdırmasında Roberto Mançininin klubla bağlı gizli maliyyə razılaşması diqqətə gəlib. İddialara əsasən, məşqçinin rəsmi müqaviləsi ilə yanaşı, real gəlirini faktiki ikiqat artıran qeyri-rəsmi saziş də mövcud olub.
Rəsmi sənədə görə Mançini ildə 1,69 milyon avro maaş alırdı. Bundan əlavə, Şeyx Mənsura məxsus “Əl-Cəzirə” şirkətindən illik 2,03 milyon avro məbləğində əlavə ödəniş aldığı iddia edilir.
Bildirilib ki, bu məbləğ formal olaraq ildə təxminən dörd günlük məsləhətçilik xidmətinə görə ödənilib. Vəsaitlərin klubla bağlı struktur şirkətlər üzərindən köçürüldüyü qeyd olunur. Araşdırmaçılara görə, belə bir sxem real ödəniş həcmini gizlətməyə və maliyyə tənzimləmə qaydalarını dolayı yolla aşmağa xidmət edib.
“Mançester Siti” klubu və Roberto Mançini bu iddiaları rədd ediblər.
Mançini 2009–2013-cü illərdə “Mançester Siti”yə rəhbərlik edərək komandanı İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və Superkubok qalibliyinə çatdırıb. Hazırda klub İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda ittiham olunur.

