“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816 milyon 401 min 550 manata çatacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindən 98 milyon 819 min 690 manat (1,1 faiz) çoxdur.
2026-cı ilin dövlət büdcəsində bu istiqamətə 8 milyard 717 milyon 581 min 860 manat ayrılmışdı. Yeni layihəyə əsasən, ümumi məbləğ artsa da, sahələr üzrə vəsaitlərin bölgüsündə ziddiyyətli meyillər müşahidə olunur.
Layihəyə görə, müdafiə qüvvələrinə 2027-ci ildə 3 milyard 369 milyon 570 min 986 manat yönəldiləcək. Bu, cari ilin göstəricisindən 378 milyon 835 min 197 manat, yaxud 12,7 faiz çoxdur.
Sərhəd xidmətinə ayrılan vəsaitin də 541 milyon 633 min 496 manatdan 553 milyon 977 min 316 manata qalxması gözlənilir ki, bu da 12 milyon 343 min 820 manat (2,3 faiz) artım deməkdir.
Əksinə, milli təhlükəsizlik sahəsinə ayrılan məbləğin 520 milyon 623 min 148 manatdan 479 milyon 181 min 155 manata, yəni 41 milyon 441 min 993 manat (təxminən 8 faiz) azalması planlaşdırılır.
Xüsusi layihələrə xərclər azalır
Müdafiə və milli təhlükəsizliklə bağlı digər fəaliyyət istiqamətləri üzrə xərclərin 2026-cı ildəki 4 milyard 659 milyon 498 min 16 manatdan 2027-ci ildə 4 milyard 413 milyon 672 min 93 manata enəcəyi proqnozlaşdırılır. Azalma 245 milyon 825 min 923 manat, yaxud 5,3 faiz təşkil edəcək.
Bu bölmənin tərkibində xüsusi müdafiə təyinatlı layihə və tədbirlərə ayrılan xərclərin 4 milyard 500 milyon manatdan 4 milyard manata, yəni 500 milyon manat (11,1 faiz) azaldılması nəzərdə tutulub.
Nəticədə, 2027-ci ildə müdafiə büdcəsi ümumilikdə artsa da, ayrı-ayrı istiqamətlər üzrə fərqli dinamika müşahidə olunacaq. Müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsinin ümumi xərclərindəki payı təxminən 20,8 faiz səviyyəsində proqnozlaşdırılır.
