Moskva vilayətinə edilən kütləvi pilotsuz uçuş aparatı hücumu nəticəsində iki nəfər həlak olub, altı nəfər isə yaralanıb. Hadisə son iki ilin ən böyük belə hücumlarından biri kimi qeydə alınıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün “Telegram” hesabında bildirib ki, region ərazisindəki 16 bələdiyyədə hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri tətbiq olunaraq cəmi 185 dron zərərsizləşdirilib. Onun sözlərinə görə, Solneçnoqorsk dairəsinin Radumlya qəsəbəsinə dəyən zərbədən 20 yaşlı gənc həlak olub, Domodedovo dairəsinin Barıbino qəsəbəsində isə dağılmış evin qalıqları altından 71 yaşlı kişinin meyiti çıxarılıb.
Yaralananlar arasında Pokrovskoye kəndində qəlpə yarası alan bir kişi, İstra rayonunun Yadromino və Qorki qəsəbələrindən xəstəxanaya yerləşdirilən iki sakin var. Domodedovo dairəsinə aid Lyaxovo kəndinin üç sakini də tibbi yardım istəyib, lakin ilkin müayinədən sonra stasionar müalicədən imtina ediblər.
Vorobyovun məlumatına görə, İstranın Safontyevo, Torlopovo, Qorki və Yadromino kəndlərində on fərdi evə, yardımçı tikililərə və iki minik avtomobilinə ziyan dəyib. Volokolamsk dairəsindəki Pokrovskoye kəndində bir evin şüşələri qırılıb, fasadı zədələnib. Domodedovo şəhər dairəsinin Lobanovo kəndində isə bir fərdi evdə yanğın baş verib. Hazırda zərər dəyən ərazilərdə xilasetmə qrupları işləyir.
Moskvaya 650-dən çox dron göndərilib
Oktyabrın 5-dən 6-na keçən gecə Moskva vilayəti bir neçə saat ərzində Ukraynadan edilən kütləvi PUA hücumuna məruz qalıb. “ASTRA” Telegram kanalının yaydığı məlumata görə, Moskva meri Sergey Sobyanin zərərçəkənlər və dağıntılar barədə detal açıqlamadan bildirib ki, oktyabrın 5-i saat 20:30-dan ertəsi gün səhər saat 5-dək Moskva regionuna doğru 650 dron uçub. Onun sözlərinə görə, bunların əksəriyyəti uzaq sərhədlərdə hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, 105 dron isə paytaxta yaxınlaşarkən vurulub.
“ASTRA”nın OSINT analitiki yanğınlardan birinin Moskva vilayətinin Ramensk şəhər dairəsinə aid Konstantinovo kəndində baş verdiyini müəyyənləşdirib. Görüntülər isə Volodarski qəsəbəsində çəkilib, yanğın mənbəyinin “Volodarskaya” Xətt İstehsalat-Dispetçer Stansiyası ərazisində yerləşdiyi bildirilir. Bu obyekt “Transnefteprodukt” Səhmdar Cəmiyyətinin tərkibinə daxildir və Moskva regionunun ən böyük neft bazası sayılır. Sobyaninin açıqladığı rəqəmlərə əsaslanan hesablamalara görə, bu hücum son iki ilin ən böyük belə cəhdlərindən biri olub.

