Azərbaycandan göndərilən bəzi qara metal tullantı və qırıntı növləri üzrə ixrac gömrük rüsumu sabahdan 100 dəfə yüksəldilir. Bu, Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında idxal-ixrac rüsum dərəcələrinə edilən düzəlişlə bağlıdır.
Qəbul olunan qərara görə, ölkədən ixrac edilən qara metal tullantılarının gömrük rüsumu dərəcələri kəskin şəkildə artırılıb. Tökmə çuqun qalıqları və qırıntıları, habelə üzəri qalayla örtülmüş qara metal növlərinin tullantıları üçün hər 1.000 kiloqrama tətbiq olunan rüsum 7 ABŞ dollarından 500 ABŞ dollarınadək yüksəldilib.
Bənzər artım digər metal tullantı kateqoriyalarını da əhatə edir. Torna emalından qalan yonqarlar, kəsim zamanı yaranan qırıntılar, frezer prosesindən çıxan qalıqlar, mişarlama nəticəsində əmələ gələn tullantılar, eləcə də yenidən əritmək məqsədilə istifadə olunan şixta külçələri üzrə tarif dərəcəsi hər 1.000 kiloqram üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına qədər qaldırılıb.
Gömrük rüsumlarının dərəcələrində edilən bu dəyişikliklər barədə qərar sentyabrın 22-də rəsmiləşdirilib və sabahdan icra olunmağa başlayır.
