“SOCAR-AQŞ”nin keçmiş rəhbəri Ramin İsayev 54 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib və onun təxminən 100 milyon manatlıq əmlakına məhkəmə qərarı ilə əl qoyulub. Siyahıda qızıl əşyalar, xarici valyuta, Bakıda 19 yaşayış sahəsi və bahalı avtomobil var.
Ramin İsayevin əmlakının müsadirəsi nəticəsində aşkarlanan qiymətli əşyalar arasında “Azərgold” zərgərlik şirkətinin 34 ədəd qızıl külçəsi, “Frey Wille” brendindən boyunbağı, üzük və sırğa dəsti, habelə “Van Cleef & Arpels” markalı qolbaq-sırğa komplekti qeydə alınıb.
Nağd vəsait ehtiyatları içərisində 6 milyon 257 min ABŞ dolları, 352 min manat nağd pul, bank hesabında saxlanılan əlavə 133 min manat, 18 min 495 avro, 11 min 565 funt-sterlinq və digər xarici valyutalar olduğu bildirilib.
Paytaxtın səkkiz inzibati rayonunda yerləşən 19 mənzil və fərdi ev də müsadirə edilən siyahıya daxil edilib: Nəsimi rayonunda 5, Binəqədidə 4, Nərimanovda 4 mənzil, Suraxanıda 1 mənzil və 1 fərdi ev, Yasamal ilə Səbaildə birər mənzil, Xəzər rayonunun Buzovna qəsəbəsində bir ev, eləcə də Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Sea Breeze” kompleksində bir mənzil.
Qeyri-yaşayış obyektlərindən Yasamal rayonunda, Kamal Rəhimov küçəsində yerləşən 4 böyük bina, habelə Nəsimi, Səbail və Binəqədi rayonlarında birər obyekt dövlət mülkiyyətinə keçirilib. Bundan başqa, Nəsimi rayonunda 2 qaraj, Binəqədi, Badamdar və Bilgəh qəsəbələrində torpaq sahələri və “Audi E-Tron” markalı minik avtomobili siyahıya əlavə olunub.
Müsadirə edilən vəsaitlərin təyinatı
Əldə edilən əmlakın bir qismi dövlətə vurulmuş 54 milyon manatlıq zərərin əvəzini ödəmək üçün yönəldiləcək, qalan hissə isə büdcəyə köçürüləcək. Bildirilib ki, icra orqanları əmlakları yaxın vaxtlarda açıq hərraca çıxaracaq.
Ramin İsayevin qanunsuz əməlləri Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aşkara çıxarılıb. Külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması ittihamları əsasında ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, hökm artıq qüvvəyə minib.
Həmçinin oxuyun: Ramin İsayevin 14 illik həbs cəzası yenidən təsdiqləndi
