Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nazir müavini Rəşad Mustafayev bildirib ki, Azərbaycanda son on ayda 164 mindən artıq şəxs işlə təmin edilib. Bu barədə o, “Milli Məşğulluq Forumu”nda çıxış edərkən məlumat verib.
Çıxışında Rəşad Mustafayev əmək bazarındakı dəyişikliklərin insanların gündəlik həyat şəraitinə birbaşa təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, texnologiyanın yaratdığı yeni imkanları real nəticəyə çevirən məhz fərdin öz təşəbbüskarlığıdır.
Nazir müavini qlobal araşdırmalara istinadən bildirib ki, dünya üzrə hər dörd iş yerindən birinin süni intellektdən təsirlənmə ehtimalı var. O həmçinin Dünya İqtisadi Forumunun proqnozuna toxunaraq, 2030-cu ilə qədər işçilərin mövcud bacarıqlarının orta hesabla 39 faizinin ya dəyişəcəyini, ya da köhnəlmiş sayılacağını deyib.
Mustafayevin sözlərinə görə, bu fon ölkələr üçün insan kapitalının yeni şərtlərə uyğunlaşdırılması zərurətini ortaya çıxarır. Azərbaycanda da məşğulluq siyasətinin məhz bu istiqamətə xidmət etdiyini, əmək bazarına çevik reaksiya verən xidmətlərin qurulmasının əsas vəzifələrdən biri olduğunu bildirib.
Nazir müavini cari ildə 6600-dən çox şəxsin özünəməşğulluq proqramına qoşulduğunu da qeyd edib. Onun sözlərinə görə, regionların iqtisadi potensialına uyğun yeni iş yerlərinin açılması, formal əmək münasibətlərinin genişlənməsi və layiqli iş şəraitinin təşviqi prioritet məsələlər sırasındadır.
Ayrıca, Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Mustafayev bildirib ki, doğma torpaqlarına qayıdan sakinlərin işlə təminatı və sahibkarlığa cəlb olunması həm əhalinin rifahına, həm də həmin bölgələrdə iqtisadi canlanmaya dəstək verir.
