Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi Akademiya üzvlüyündən çıxarıb. Qərar onun dövlətə xəyanətdə təqsirli bilinərək 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə əlaqədardır.
AMEA Rəyasət Heyətinin iclasını açan Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Ramiz Mehdiyev ölkənin adına xələl gətirən və Akademiya üzvünün nizamnamə tələblərinə zidd cinayət əməllərinə yol verib. Qeyd edilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 14 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb.
İclasda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd göstərilməsinin müstəqil dövlətçiliyə xəyanət olduğu vurğulanıb və bunun alim adına yaraşmayan, bağışlanılmaz hərəkət kimi qiymətləndirildiyi bildirilib. Rəyasət Heyətinin üzvləri məhkəmə tərəfindən sübuta yetirilmiş bu əməlləri qətiyyətlə pisləyərək, Ramiz Mehdiyevin artıq akademiya üzvləri sırasında yeri olmadığını bildiriblər.
Müzakirədən sonra Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib. Akademiya üzvlərinin seçkisi, hüquq və vəzifələrinə dair Əsasnaməyə görə, bu qərar AMEA Ümumi Yığıncağı tərəfindən təsdiqlənməlidir. Rəyasət Heyəti həmin təsdiq üçün 30 oktyabr 2026-cı il tarixdə Ümumi Yığıncağın çağırılması barədə qərar qəbul edib.
Məhkəmə hökmünün təfərrüatları
Bakı Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyevi 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib, lakin onun yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bu cəza şərti sayılıb. Hökmdə onun dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, habelə əmlakının müsadirə olunaraq dövlət xeyrinə keçirilməsi qərara alınıb.
Ramiz Mehdiyev barəsində cinayət işi 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılıb. Ona cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərə görə ittiham irəli sürülüb. Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.
Həmçinin oxuyun: Ramiz Mehdiyevə 14 il həbs kəsildi, cəzanın icrası dayandırıldı | YAP Ramiz Mehdiyevi sıralarından çıxardı, təltiflərdən məhrum edilməsini istədi
