Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə görə, işəgötürənlər əmək haqqı və digər ödənişləri işçinin seçdiyi bank hesabına elektron ödəniş sistemi vasitəsilə köçürməli olacaq. Məqsəd qeyri-formal məşğulluğun qarşısını almaq və əmək haqqı ödənişlərinə nəzarəti gücləndirməkdir.
Təklif olunan qaydaya əsasən, bank köçürmələri barədə məlumatlar əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim ediləcək. Bununla əmək haqqının gecikdirilməsi, azaldılması və ya gizlədilməsi kimi hallar daha asan aşkarlanacaq.
Bildirilir ki, belə bir sistem işəgötürənlərin əmək haqqını vaxtında və tam ödəməsinə nəzarəti gücləndirəcək, nəticədə əmək bazarında şəffaflıq artacaq və işçi hüquqları daha səmərəli qorunacaq.
Vergi bəyannamələrinə ehtiyac azalacaq
Layihəyə görə, əməyin ödənişi tam elektronlaşdıqdan sonra işəgötürənlərin bu sahədəki iş yükü azalacaq. Gələcəkdə gəlir vergisi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac qalmayacaq, rüblük bəyannamələr isə aylıq məlumatlarla əvəz olunacaq.
Həmçinin dövlət nəzarətini gücləndirmək üçün elektron, proaktiv nəzarət mexanizmi qurulacaq və qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri gücləndiriləcək.
Fərdi hesablara avtomatik məlumat ötürülməsi
Sığorta-pensiya sistemində ödənilən MDSS haqları vətəndaşların fərdi şəxsi hesablarına avtomatik daxil ediləcək. Ezamiyyə, məzuniyyət və əmək qabiliyyətinin itirilməsi kimi hallarda orta aylıq əmək haqqı da avtomatik hesablanacaq.
Layihə qəbul olunduqdan sonra vətəndaşların öz gəlir tarixçəsinə çıxış imkanları da genişlənəcək.
