Avtomobil bazarında median qiymət 19 500 manata qalxıb
carci.news
Biznes və investisiya

AQP: oktyabrda avtomobil elanlarının median qiyməti 19 500 manata qalxıb

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) açıqlayıb ki, oktyabr ayında avtomobil bazarında median qiymət 3,7 faiz yüksələrək 19 500 manata çatıb. Qurumun qeydinə görə, bu dəyişiklik avtomobillərin real baha olmasından yox, satışdakı marka tərkibinin dəyişməsindən irəli gəlir.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, oktyabr ayında avtomobil bazarında ümumi elan sayı 7,0 faiz azalıb və 37 531-ə enib, orta qiymət isə 1,9 faiz artaraq 30 089 manat olub. Ucuz seqmentdə VAZ markalı elanların payı 9,4 faizdən 8,8 faizədək, KIA-nın göstəricisi isə 7,5 faizdən 5,7 faizədək geri çəkilib. Buna qarşılıq, “Mercedes”, “Hyundai”, “Toyota” və BMW kimi daha baha markaların satışdakı çəkisinin artması median göstəricinin ümumilikdə yüksəlməsinə səbəb olub.

Təklif strukturundakı dəyişikliyin təsirini ayırd etmək üçün Palata 2025-ci ilin dekabr ayını baza kimi götürərək iki fərqli indeks hesablayıb. Bütün elanları əhatə edən dəyişkən struktur indeksi bir ay ərzində 3,7 faiz artaraq 112,7 bəndə yüksəlib, təkcə 9 populyar marka-modeli izləyən sabit struktur indeksi isə cəmi 0,4 faiz dəyişərək 104,2 bəndə çatıb. Bu iki göstərici arasındakı 3,3 bənd fərqi tamamilə elanların tərkibindəki dəyişiklikdən qaynaqlanır.

Həm sentyabr, həm də oktyabr aylarında satışda qalmış 7 156 elan üzərində aparılan araşdırma onu göstərib ki, bu elanların 39,6 faizində qiymət aşağı endirilib, yalnız 8,9 faizində isə qaldırılıb; nəticədə orta hesabla 1,5 faizlik azalma qeydə alınıb. Bu məlumat bazarda süni qiymət artımının mövcud olmadığını təsdiqləyir.

Kütləvi seqmentdə qiymət hərəkəti

Sentyabr ayında qeydə alınan 1,1 faizlik artımdan sonra oktyabrda kütləvi seqmentin qiymətləri əsasən sabit qalıb. Sabit model səbətinə daxil olan “Hyundai Sonata” 2,4 faiz bahalaşaraq 23 750 manata, “Ford Fusion” isə 1,6 faiz artaraq 18 500 manata qalxıb. “Opel Astra” (9 400 manat) və “Ford Transit” (19 000 manat) 1,1 faiz, “Hyundai Elantra” (21 500 manat) isə 0,5 faiz qiymət artımı göstərib. VAZ-2107 modeli 5 500 manat səviyyəsində dəyişməz qalıb, “KIA Sorento” (34 800 manat), “Chevrolet Cruze” (13 300 manat) və “Hyundai Santa Fe” (28 500 manat) isə müvafiq olaraq 0,3, 0,7 və 1,4 faiz ucuzlaşıb.

AQP-nin təhlilinə əsasən, bazardakı elanların 51,2 faizi 20 000 manatdan, 22,9 faizi isə 10 000 manatdan daha ucuz qiymətə təklif olunur, 50 000 manatdan baha avtomobillərin payı isə 13,0 faiz təşkil edir. Median buraxılış ili yenə 2013-cü il səviyyəsində qalıb, median yürüş isə 3 000 kilometr azalaraq 190 000 kilometrə düşüb. Elanların 52,2 faizini 13 yaşdan yuxarı, 16,4 faizini isə 3 yaşadək avtomobillər təşkil edir, 8,2 faizini isə median qiyməti 44 300 manat olan yeni avtomobillər düşür. Bakı şəhəri 23 900 manatlıq median qiymətlə elanların 66,9 faizini əhatə edir, qalan hissə isə 12 500 manatlıq median göstərici ilə Sumqayıt (6,6 faiz) və Gəncə (4,3 faiz) kimi şəhərlərə aiddir.

Yanacaq növünə görə bölgüdə benzinli avtomobillər 66,7 faizlə, dizellilər 20,4 faizlə öndədir, hibrid və elektrikli modellər isə birlikdə 12,9 faizlik paya malikdir. Elektromobillər üzrə 496 elan qeydə alınıb, bunların median dəyəri 50 750 manatdır. Kuzov tipinə görə sedanlar 43,9 faiz, beşqapılı SUV-lar isə 29,6 faizlik payla seçilir, ötürücü qutusu baxımından isə avtomat variant 72,2 faizlə öndə gedir. Marka üzrə reytinqdə “Mercedes” (15,1 faiz), “Hyundai” (10,9 faiz) və LADA (8,8 faiz) ilk sıraları tutur, Çin istehsalçılarından “Changan” 1 463 elanla doqquzuncu yerdədir, BYD və “Geely” üzrə isə müvafiq olaraq 348 və 231 elan qeydə alınıb.

120 ən çox satılan marka-model üzrə 25 063 elan əsasında qurulan hedonik modelə görə, avtomobilin hər əlavə istismar ili onun qiymətini 5,8 faiz, hər əlavə 1 000 kilometr yürüş isə 0,037 faiz aşağı salır. Mexaniki ötürücü qutulu avtomobillər avtomat qutulu analoqlarından 8,3 faiz ucuzdur. Qəzaya düşüb boyanmış avtomobillər 7,5 faiz, təmir olunmamış qəzalı nəqliyyat vasitələri isə 23,1 faiz daha ucuz qiymətə satılır. Palata alıcı və satıcılara ümumi median göstəricisinə deyil, konkret texniki parametrlərə əsaslanmağı, qiymətləndiricilərə isə sabit struktur indeksini yenilənmiş hedonik əmsallarla birgə nəzərə almağı tövsiyə edib.

Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti sahələri üzrə indeksləri hər ay müntəzəm olaraq dərc edir.

Related posts

Hürriyet: Türk müdafiə şirkətləri Bakıda 500 milyon dollardan çox dəyərində sazişlər imzalayıb

Editor

Bakının ən baha küçələrində mənzil qiyməti 19 min manatı ötüb

Editor

Azərbaycanın ərzaq idxalı 9 ayda 2 milyard dolları ötüb

Editor
IP geolocation by DB-IP