ABŞ-ın enerji bazarını işıqlandıran OilPrice.com yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan Moskvanın təzyiqi qarşısında Vaşinqtonla nüvə əməkdaşlığı sazişini dayandırıb və Rosatomla yeni reaktor üçün danışıqlara meyl göstərib.
Nəşrin məlumatına görə, Ermənistan son iki ildə Rusiyadan getdikcə uzaqlaşıb, təhlükəsizlik əlaqələrini azaldıb və iqtisadiyyatını Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqından (Aİİ) Avropa İttifaqına tərəf yönəltməyə çalışıb. OilPrice.com qeyd edir ki, Rusiya hazırda Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır və bölgədəki nüfuzunu itirmək istəmir, bu səbəbdən Yerevana qarşı həm “yem”, həm də təzyiq siyasəti yeridib, o cümlədən bəzi erməni idxal mallarına qadağalar qoyub.
Nəşr yazır ki, 4 oktyabr tarixində Rusiyanın Təhlükəsizlik Şurasının üzvü, keçmiş prezident Dmitri Medvedev Ermənistan rəhbərliyinin Aİ-yə inteqrasiya kursunu tənqid edərək, ölkənin “yeni Ukraynaya” çevrilə biləcəyini bildirib. Müəllifin fikrincə, bu açıqlama Rusiyanın hərbi gücdən istifadə ehtimalına işarə kimi qəbul edilə bilər; Gümrü yaxınlığındakı Rusiya hərbi bazasında təxminən 5.000 döyüşə hazır əsgər yerləşir və Moskva Ermənistanın enerji sistemlərinə də nəzarət edir.
Rosatom təklifi və Metsamor AES-i
OilPrice.com bildirir ki, sentyabrın sonunda Rosatomun rəhbəri Aleksey Lixaçovun Yerevana səfəri köhnəlmiş Metsamor stansiyasını əvəz edəcək yeni reaktor müqaviləsini əldə etmək məqsədi daşıyıb. Lixaçov Ermənistanda yaxın illərdə elektrik enerjisi qıtlığı yarana biləcəyini vurğulayaraq, iri miqyaslı Rosatom reaktorunun ən yaxşı seçim olduğunu iddia edib.
Nəşrin yazdığına görə, fevral ayında ABŞ vitse-prezidenti JD Vansın Yerevana səfəri zamanı imzalanmış nüvə əməkdaşlığı sazişindən sonra Paşinyan hökuməti Metsamoru kiçik modul reaktorlarla (SMR) əvəz etmək istiqamətində hərəkət edirdi. Lakin Lixaçovun səfərindən bir gün sonra, 1 oktyabrda, Paşinyan mövqeyini dəyişərək SMR-lərin ölkənin artan elektrik tələbatını ödəməyə kifayət etməyəcəyini, Rusiyanın VVER-1000 texnologiyası əsasında tikiləcək stansiyanın daha münasib ola biləcəyini bildirib. Son qərarın növbəti aylarda veriləcəyi göstərilib.
OilPrice.com həmçinin xatırladır ki, 7 oktyabrda Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə jurnalistlərə Ermənistanın Aİ-yə inteqrasiyada irəlilədiyini və viza liberallaşdırması danışıqları aparılan yeganə ölkə olduğunu söyləyib. Eyni zamanda, 2 oktyabrda Aİİ-nin hökumətlərarası iclasında Paşinyan təşkilatın ticarət qaydalarındakı məhdudiyyətlərdən şikayətlənib.
Nəşrə görə, Ermənistanın ABŞ dəstəkli TRIPP tranzit dəhlizi layihəsi hələ də ölkənin iqtisadi strategiyasının əsas elementi olaraq qalır, lakin Rosatom müqaviləsinin taleyi Vaşinqtonun bu layihəyə marağına təsir göstərə bilər. 1 oktyabrda Rusiyanın Təhlükəsizlik Şurasının digər üzvü Aleksey Şevtsov TRIPP-i Ermənistanda Amerika hərbi iştirakını təmin etməyə yönəlmiş layihə adlandırıb.
Həmçinin oxuyun: Ərdoğan-Paşinyan görüşündə Ermənistan-Azərbaycan sülh gündəliyi masaya qoyulub
