Fransanın AFP agentliyi Bakıdakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Dr. Matin Məmmədlinin Euronews üçün yazdığı məqaləni yayıb. Müəllifə görə, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Avropa-Asiya ticarətini gücləndirə və sülhə iqtisadi zəmin yarada bilər.
Dr. Matin Məmmədli yazır ki, Zəngəzur dəhlizi Azərbaycanın ana ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru bağlantısından qat-qat artıq əhəmiyyət daşıyır və Cənubi Qafqazda iqtisadi münasibətləri yenidən formalaşdıra bilər. Müəllif xatırladır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutub, Bakı isə o vaxtdan bəri bərpa olunan əlaqələrin sülhə iqtisadi əsas verə biləcəyini önə çəkib.
Məqalədə Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolu layihələri Bakının əlaqəliliyə diplomatik şüar deyil, investisiya prioriteti kimi yanaşdığının göstəricisi kimi qeyd olunur. Müəllifin fikrincə, 8 avqust 2025-ci ildə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın iştirakı ilə əldə olunan Vaşinqton anlaşmaları layihəyə yeni təkan verib; Birgə Bəyannamə regional əlaqəliliyi və Beynəlxalq Sülh və Firavanlıq üçün Tramp Marşrutunu (TRIPP) dəstəkləyib.
Orta Dəhliz və Avropanın marağı
AFP-nin yaydığı yazıya görə, Zəngəzur Çini, Mərkəzi Asiyanı, Xəzər dənizini, Azərbaycanı, Türkiyəni və Avropanı birləşdirən Orta Dəhlizin daha geniş kontekstində nəzərdən keçirilməlidir. Dünya Bankının qiymətləndirmələrinə istinad edən müəllif bildirir ki, əlaqələndirilmiş investisiya və islahatlar 2030-cu ilədək Orta Dəhliz üzrə yük daşımalarını üç dəfə artıra, tranzit müddətini isə yarıya endirə bilər, lakin bu rəqəmlər bütövlükdə dəhlizə aiddir, təkcə Zəngəzura yox.
Məqalədə qeyd olunur ki, Avropa İttifaqı 2024-cü ildə tərəfdaşları ilə birlikdə Transxəzər əlaqəliliyi üçün 10 milyard avro səfərbər etmək öhdəliyi götürüb, 2026-cı ilin yanvarında isə AİT və Azərbaycan Naxçıvan dəmir yolu üzrə əsaslandırma araşdırmasında əməkdaşlığı gündəmə salıb. Müəllif bunun TRIPP-in uğurunu təmin etmədiyini, lakin layihənin Avropanın maraqlarına uyğun gəldiyini vurğulayır.
Sülh üçün iqtisadi zəmin
Dr. Məmmədliyə görə, Ermənistan beynəlxalq nəqliyyat şəbəkələrinə daha çox inteqrasiya oluna, Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə quru əlaqələrini genişləndirə, Çin isə Avropa bazarlarına əlavə çıxış əldə edə bilər. Müəllif yazır ki, uzun müddət qapalı qalan əlaqələrin yenidən açılması ticarət və tranzit vasitəsilə sabitlik üçün gündəlik stimullar yarada bilər, baxmayaraq ki, bu, bütün siyasi fərqləri tək başına həll etməyəcək.
Məqalənin sonunda müəllif bildirir ki, kommersiya əlverişliliyi, şəffaf idarəetmə, effektiv sərhəd prosedurları və davamlı siyasi öhdəlik TRIPP-in potensialını reallaşdırıb-reallaşdırmayacağını müəyyən edəcək.
Həmçinin oxuyun: Badamov: TRIPP dəhlizində sərnişin daşımaları tədricən mümkün olacaq
