Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, cari ilin üçüncü rübünün sonunadək ölkədə qeydiyyatdan keçmiş depo hesablarının ümumi sayı 196,7 min həddinə çatıb, unikal investorların sayı isə 185 148 nəfərə yüksəlib.
Milli Depozit Mərkəzinin (MDM) rüblük statistikasına əsasən, Azərbaycanda unikal investorların sayı il ərzində artmaqda davam edir. Əvvəlki rüblə müqayisədə depo hesablarının sayı 1 964 ədəd, yəni bir faizə yaxın çoxalıb, bu da ümumi göstəricini 196,7 minə çatdırıb.
Eyni müddətdə investor bazası da genişlənib – qeydiyyatdan keçmiş şəxslərin sayı 1 590 nəfər artaraq 185 148-ə yüksəlib. Hesabat dövrünün sonuna ölkədə fəaliyyət göstərən aktiv investorların sayı isə 26 939 nəfərə çatıb, bunlardan 26 773-ü fiziki, 166-sı hüquqi şəxs statusundadır. Fiziki şəxslər arasında aktiv investor sayı 44 nəfər artsa da, hüquqi şəxslər üzrə bu rəqəm 12 azalıb.
Üçüncü rüb ərzində bazara 1 591 yeni unikal investor qoşulub – onların 1 584-ü fiziki, 7-si hüquqi şəxsdir. Müqayisə üçün, ikinci rübdə yeni qeydiyyat göstəriciləri fiziki şəxslər arasında 16 123, hüquqi şəxslər arasında isə 12 təşkil edib.
Yaş qrupları və cins üzrə bölgü
Yeni qoşulan investorların əsas hissəsini 18-36 yaş aralığındakı şəxslər təşkil edib – 827 nəfər. Bundan sonra 36-54 yaş qrupunda 533, 54-72 yaşda 186, 72-90 yaşda 36, 18 yaşına çatmayanlar arasında isə yalnız 2 investor qeydə alınıb. Cins bölgüsündə yeni investorların 72 faizi kişi, 28 faizi qadındır.
Fəaliyyətdə olan investorlar arasında isə 36-54 yaş qrupu liderlik edir – 10 037 nəfər. Onları 18-36 yaş qrupu (8 979 nəfər), 54-72 yaş qrupu (6 609 nəfər), 18 yaşadək şəxslər (700 nəfər) və 72-90 yaş qrupu (448 nəfər) izləyir. Aktiv investorların 67 faizini kişilər, 33 faizini isə qadınlar təşkil edir.
Hesabların açılma üsulu və coğrafi paylanma
Yeni açılan depo hesablarının böyük əksəriyyəti distant qaydada rəsmiləşdirilib – 1 587 hesab bu formada, 378 hesab isə adi qaydada açılıb. Coğrafi bölgüdə paytaxt Bakı 1 157 hesabla öndə gedir, onu Sumqayıt (85), Gəncə (60), Abşeron rayonu (47) və Lənkəran (36) təqib edir. Qalan ərazilərin cəmi payına 741 hesab düşüb.
MDM-in açıqladığı məlumata görə, üçüncü rübün sonuna emitent hesablarının ümumi sayı 2 126 vahid təşkil edib. Həmin dövr ərzində 1 investor reyestrdən çıxarılıb, həmçinin 1 depo hesabı ləğv edilib.
