“Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalının 31,4 faiz artırılaraq 3 milyard 390 milyon 326 min manata çatdırılması planlaşdırılır. Artım üçün yeni səhm buraxılışı həyata keçiriləcək.
Hazırda “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 milyard 580 milyon 638,4 min manat təşkil edir. Bu məbləğin 809 milyon 687,6 min manat artırılması nəzərdə tutulur ki, nəticədə kapital 3 milyard 390 milyon 326 min manata yüksələcək.
Kapitalın artırılması məqsədilə dövriyyəyə 57 milyon 262,2 min ədəd yeni səhm buraxılacaq. Hər bir səhmin nominal dəyəri 14,14 manat müəyyən edilib. Dəyişikliklə əlaqədar cəmiyyətin nizamnaməsinə müvafiq əlavələr ediləcək.
Struktur dəyişiklikləri fərmanlarla bağlıdır
Bu il 7 mayda Prezident İlham Əliyev “Bakı Metropoliteni”nin yenidən təşkili barədə fərman imzalamışdı. Həmin sənədə əsasən, səhmdar cəmiyyəti “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması yolu ilə yenidən qurulub.
Dövlət başçısının 2 oktyabrda imzaladığı başqa fərmanla isə “Bakı Metropoliteni”nə sərnişin kanat yolları vasitəsilə daşıma xidmətləri göstərmək səlahiyyəti verilib. Fərmana görə, cəmiyyət bu sahədə xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, rəqəmsal həllərin tətbiqi, layihələndirmə və tikinti işləri, habelə xidmətlərin vahid mərkəzdən idarə olunması üzrə də səlahiyyət əldə edib.
