Bosniya və Herseqovina paytaxtında təşkil olunan xüsusi olimpiadanın açıq cüdo yarışında ölkəmizi təmsil edən adaptiv idmançılar toplamda dörd mükafata – bir qızıl, bir gümüş və iki bürünc medala sahib çıxıblar.
Yarış zamanı öz çəki kateqoriyasında (G-10) mübarizə aparan Kamran Quliyev qarşılaşdığı bütün rəqibləri məğlub edərək turnirin çempionu adını qazanıb. Onunla eyni komandada çıxış edən Sadiq Nəzirov (G-2) isə gümüş mükafatın sahibi olub.
Komandanın digər üzvləri – G-24 çəkisində yarışan Adilə Niftaliyeva ilə G-7 kateqoriyasında mübarizə aparan Yusif Nəsirli bürünc medal qazanaraq yığmanın uğurlu nəticəsinə öz töhfələrini veriblər.
Qeyd olunub ki, bu yarış hər dörd idmançı üçün beynəlxalq arenada ilk çıxış təcrübəsi olub.
Xatırladaq ki, adaptiv cüdo istiqaməti xüsusi qayğıya ehtiyacı olan insanların öz fiziki imkanlarına uyğunlaşdırılmış qaydalar çərçivəsində bu idman növü ilə məşğul olmalarına şərait yaradır və onların idman vasitəsilə cəmiyyətə qovuşmasına dəstək verir.
