Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərindəki bir sıra iri tibb ocaqlarında keçirdiyi təftiş zamanı qanunvericilikdən ciddi kənarlaşmalar aşkar edib. Araşdırma təxminən iki həftə çəkib.
TƏBİB-in Daxili nəzarət departamentinin əməkdaşları Gəncədə yerləşən bir neçə iri səhiyyə müəssisəsini təxminən 15 gün ərzində yoxlayıblar. Aparılan yoxlamalar nəticəsində müxtəlif qanun pozuntuları qeydə alınıb.
Nöqsanlar Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, onun tərkibinə daxil olan 2 saylı poliklinikada, Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında, həmçinin Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının ayrıca poliklinika bölməsində üzə çıxıb.
Yoxlamanın yekunlarına əsasən, adı çəkilən müəssisələrin rəhbərlərinə ciddi xəbərdarlıq verilib. Onlardan bir qisminin tutduqları vəzifədən azad olunacağı gözlənilir.
