Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında avtomatik monitorinq stansiyalarının havada toz qatılığının normadan 2,2 dəfə çox olduğunu qeydə aldığını bildirib.
Nazirliyin Ətraf Mühitin Çirklənməsinə Monitorinq Qrupunun məlumatına görə, tozlu hava şəraiti transsərhəd xarakter daşıyır. Toz kütləsi cənub-şərq istiqamətində hərəkət edən hava axınları ilə meteoroloji şəraitlə bağlı ölkə ərazisinə daxil olub.
Qrupun açıqlamasına əsasən, tozlu hava şəraitinin hava şəraitindən asılı olaraq iki gün davam edəcəyi gözlənilir.
Çirkli havanın sağlamlığa təsiri
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Açıq hava keyfiyyəti və sağlamlıq” adlı sənədinə (2024-cü ilin oktyabr ayı) görə, 2019-cu ildə dünya üzrə açıq havanın çirklənməsi təxminən 4,2 milyon erkən ölüm hadisəsinə səbəb olub.
ÜST-ün hesablamalarına görə, bu ölümlərin təxminən 68 faizi işemik ürək xəstəliyi və insult, 14 faizi xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX), 14 faizi kəskin aşağı tənəffüs yolları infeksiyaları, 4 faizi isə ağciyər xərçəngi ilə əlaqələndirilib. Təşkilat incə hissəciklərin ürək-damar və tənəffüs xəstəlikləri, habelə bəzi xərçəng növləri ilə bağlı risklərini artırdığını qeyd edir.
ÜST-ün 2021-ci ildə dərc etdiyi Qlobal Hava Keyfiyyəti Təlimatlarına əsasən, PM10 hissəciklərinin 24 saatlıq qatılığı 45 mikroqram/kubmetri (illik orta göstərici – 15), PM2,5 hissəciklərinin isə 24 saatlıq qatılığı 15 mikroqram/kubmetri (illik orta göstərici – 5) aşmamalıdır.
