Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycanda himayədar ailələrə verilmiş uşaqların sayı 91-ə çatıb. Himayədar ailələrə uşağın yaşından asılı olaraq ayda 355-650 manat arasında müavinət ödənilir.
Nazirliyin açıqladığı rəqəmlərə görə, himayədar ailələrə verilən 91 uşaqdan 51-i qız, 40-ı isə oğlandır. Uşaqların bu ailələrə verilməsi üçün nazirliklə himayədar şəxslər arasında müvafiq müqavilələr bağlanılıb.
Bu qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum qalmış və ya valideynləri tərəfindən müvafiq müəssisələrə yerləşdirilmiş uşaqların ailə şəraitində böyüməsinə şərait yaratmaq məqsədi daşıyır. Proses dövlətin nəzarəti altında aparılır.
Müavinətin məbləği uşağın yaşına və sağlamlıq vəziyyətinə görə dəyişir. 6 yaşa qədər olan uşaqlara 355 manat, əlilliyi olanlara isə 500 manat ödənilir.
7-13 yaş aralığındakı uşaqlar üçün bu rəqəmlər 375 və 600 manat təşkil edir. 14-18 yaşlı uşaqlara görə isə adi halda 395 manat, sağlamlıq imkanları məhdud olanlara görə 650 manat verilir.
Bununla yanaşı, himayədar ailələr hər rüb hər uşağın mövsümi geyim xərcləri üçün əlavə olaraq 200 manat birdəfəlik ödəniş alır.
Prosedur sadələşdirilib
Nazirlikdən bildirilib ki, son dövrdə himayədar ailə modelinin tətbiqi qaydaları yüngülləşdirilib. Uşağın himayədar ailəyə verilməsi üçün tələb olunan minimum müddət 2 həftəyə endirilib.
Həmçinin himayədar ailə olmaq istəyən vətəndaşlar üçün müvafiq təlimlərdə onlayn qoşulma imkanı yaradılıb.
