Rusiyanın Murmansk şəhərində aparılan yoxlama zamanı Azərbaycandan gətirilmiş pomidor partiyasında pepino mozaika virusu aşkar edilib. Yoluxmuş məhsul məhv ediləcək.
Yoxlamanı Rusiyanın Şimal Dənizi üzrə “Rosselxoznadzor” idarəsinin əməkdaşları meyvə-tərəvəz anbarlarında keçiriblər. Pomidorların üzərində sarı-qırmızı mozaik naxışlar, nekrotik ləkələr və deformasiya əlamətləri diqqəti çəkib.
Mütəxəssislər ilkin olaraq bunun pepino mozaika virusuna xas əlamətlər olduğunu ehtimal ediblər. Sonradan aparılan laboratoriya analizləri bu şübhəni təsdiqləyib.
Yoxlama zamanı daha bir qayda pozuntusu da aşkarlanıb: yoluxmuş pomidorlar digər məhsullardan ayrıca saxlanılmayıb, yoluxma barədə aidiyyəti quruma vaxtında məlumat da verilməyib.
Sahibkara aşkarlanmış nöqsanların aradan qaldırılması tapşırılıb, onun inzibati məsuliyyətə cəlb olunacağı bildirilib. Virusa yoluxmuş pomidor partiyası isə məhv ediləcək.
