“Aqrar sahə haqqında” yeni qanun layihəsinə əsasən, istifadəyə yararlı kənd təsərrüfatı torpaqlarının istifadəsiz saxlanmasına yol verilməyəcək. İstisna yalnız torpağın dincə qoyulması hallarına aid olacaq.
Layihədə torpağın aqrar məhsulun əsas istehsal vasitəsi kimi dövlət tərəfindən qorunacağı vurğulanır. Bu çərçivədə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üzrə bir sıra tədbirlər nəzərdə tutulub.
Belə ki, torpaqlardan təyinatına və bitkiçilik, heyvandarlıq sahələri üzrə ixtisaslaşma arealına uyğun istifadə tələb olunacaq. Eyni zamanda, müasir suvarma sistemləri, süni intellekt və müasir əkin texnikasının tətbiqi təşviq ediləcək.
Sənəddə həmçinin “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaqların münbitliyinin qorunması və çirklənmədən mühafizəsi məsələlərinə toxunulur. Torpaqların məhsuldarlıq, fiziki və kimyəvi göstəricilərini əks etdirən aqrokimyəvi xəritələrin hazırlanması və iqlim dəyişikliklərinə uyğun yenilənməsi də planlaşdırılır.
Layihəyə görə, torpaqların xırda hissələrlə istifadəsi vahid əkin, konsolidasiya və kooperativləşmə kimi üsullarla azaldılacaq, birgə istifadə təşviq olunacaq. Torpaq istifadəçilərinə münbitliyin qorunması üzrə informasiya-məsləhət xidmətləri göstəriləcək.
Sənəddə kənd təsərrüfatı torpaqlarının zibillənməsi, çirklənməsi, korlanması, təsərrüfatsızcasına və ya təyinatına uyğun olmayan məqsədlər üçün istifadəsi, habelə əkin yerlərinin yandırılması qadağan edilir. Bundan əlavə, torpaqların istifadə vəziyyətinə dair məlumatların toplanması və təhlili də tədbirlər sırasına daxildir.
Torpaqdan istifadə və onun mühafizəsi hazırda Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.
