Hökumət şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması qaydalarını yeniləyib. Dəyişikliklərə görə insulin dozası hər pasiyent üçün ayrıca təyin ediləcək, uşaqlara sensor və pompa veriləcək, təminata ayrılan vəsaitin isə artırılması planlaşdırılır.
Azərbaycanda şəkərli diabet xəstələrinin dərman, iynə və özünənəzarət vasitələri ilə təminatı yeni əsaslarla aparılacaq. Dəyişiklik Nazirlər Kabinetinin 24 noyabr tarixli 391 nömrəli qərarı ilə 2005-ci ildən qüvvədə olan qaydalara edilib.
Yeni sənədə əsasən insulinin miqdarı artıq sabit göstərici kimi deyil, hər xəstənin konkret vəziyyətinə görə həkim tərəfindən müəyyən ediləcək. Bundan başqa reseptlər elektron formata keçiriləcək, uşaqlar isə müasir tibbi cihazlarla təmin olunacaq.
Təminata ayrılan vəsait artırılır
Cari ildə diabet xəstələrinin dövlət təminatına 69 milyon manat ayrılıb. Növbəti il bu rəqəmin təxminən 35 milyon manat və ya 51 faiz artaraq 104 milyon manata çatdırılması planlaşdırılır. Bu an dövlət proqramı 270 mindən çox şəxsi dərman və özünənəzarət ləvazimatı ilə əhatə edir.
İnsulin dozası fərdi əsasda təyin olunacaq
Yeni qaydada gündəlik insulin norması 40-dan 80 vahidə qədər qaldırıla bilər, pubertat dövründəki uşaqlar üçün isə lazım gəldikdə bu rəqəm 100 vahidə çatdırıla biləcək. Paralel olaraq müasir analoq insulinlərin ümumi təminatdakı çəkisinin 2025-ci ildə qeydə alınan 28 faizdən 2030-cu ilə qədər 80 faizə yüksəldilməsi nəzərdə tutulur.
Kiçik yaşlı xəstələr üçün yeni cihazlar
0-7 yaş aralığında olan və az dozada insulinə ehtiyacı olan uşaqlara həkimin təyinatı ilə insulin pompası veriləcək. 3-18 yaş qrupundan olan uşaqlara isə qan şəkərinin davamlı ölçülməsi məqsədilə ayda iki sensor təqdim ediləcək, bu zaman cihazın yaş üzrə istifadə məhdudiyyətləri də rəhbər tutulacaq. Hər iki cihazın verilməsi müvafiq tibbi əsaslandırma və şərtlərdən asılı olaraq həyata keçiriləcək.
Digər preparatların normaları yenilənir
Qan şəkərini aşağı salan tabletlərin gündəlik təminat norması müvafiq müalicə kateqoriyalarında iki tabletdən üç tabletədək artırılıb ki, bundan təxminən 147 min insanın yararlanacağı gözlənilir. Semaqlutid adlı preparat da təminat siyahısına əlavə olunub, ancaq onun verilməsi yalnız müvafiq tibbi göstəriş olduqda mümkün olacaq. Qlükometrlər üç ildə bir dəfə paylanılacaq, insulin qələmlərinə uyğun iynələrin illik limiti isə yetkinlər üçün 365, uşaqlar üçün isə 730 ədəd olaraq müəyyənləşib.
Müayinə vaxtları və resept prosesi
Xəstələrin endokrinoloq müayinəsindən hər 3 ayda bir, oftalmoloq və ümumi cərrah müayinələrindən isə ildə bir dəfə keçməsi nəzərdə tutulur. Elektron resept isə endokrinoloqun müəyyənləşdirdiyi müalicə planına uyğun şəkildə, xəstənin yaşayış yeri üzrə ailə həkimi tərəfindən yazılacaq. Xəstəliyin diaqnozlaşdırılması, mütəxəssis baxışları və ağırlaşma yarandıqda stasionar müalicə isə əvvəlki kimi icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına ödəniləcək.
