Mobil telefon nömrəsini və ya aparatını daimi gəlir məqsədilə başqasına kirayəyə verən şəxslər qüvvədə olan qaydalara əsasən cərimə ilə üzləşə bilər. Cərimənin məbləği şəxsin statusundan asılı olaraq 300 manatdan 5 000 manatadək dəyişir.
Qüvvədə olan qanunvericiliyə görə, SİM-kartını və ya telefon aparatını mütəmadi gəlir əldə etmək üçün üçüncü şəxsə verən fiziki şəxslər 300-500 manat məbləğində cərimələnir. Vəzifəli şəxslər üçün bu rəqəm 1 000-2 000 manat, hüquqi şəxslər üçün isə 3 000-5 000 manat təşkil edir.
Qaydalara əsasən, mobil operatorların abunəçilərlə imzaladığı müqavilələrdə SİM-kartların və digər identifikasiya modullarının başqalarına daimi istifadəyə verilməsi, habelə kirayə yolu ilə gəlir əldə edilməsi açıq şəkildə qadağan olunmalıdır.
Bundan əlavə, identifikasiya modulunun və ya telefon aparatının itirilməsi yaxud oğurlanması halında fiziki və hüquqi şəxslər bu barədə müvafiq dövlət qurumuna dərhal məlumat verməyə borcludur. Bu öhdəlik də abunə müqaviləsində və ona əlavə olunan sənədlərdə qeyd edilməlidir.
