Şuşada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani arasında üçtərəfli formatda 13-cü görüş keçirilib. Tədbir yekunda protokol imzalanıb və mətbuat konfransı təşkil olunub.
Görüşün açılışında çıxış edən Zakir Həsənov əvvəlki görüşlərin Türkiyədə və Gürcüstanda keçirildiyini xatırladaraq, ölkələr arasında əlaqələrin yüksək səviyyədə inkişafında dövlət başçılarının səmimi dostluq münasibətlərinin əvəzsiz rolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu səylər nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı digər dövlətlər üçün nümunə ola biləcək uğurlu regional mexanizmə çevrilib.
Azərbaycan və Gürcüstan tərəfi uçuş qəzasında həlak olan hərbçilərlə bağlı türkiyəli həmkarlarına yenidən başsağlığı verib və türk xalqının itkisinə şərik olduqlarını bildiriblər.
Görüşdə üç xalqın tarix boyu dostluq şəraitində yaşadığı, dövlətlərarası əlaqələrin bu gün də yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. Qarşılıqlı etimada əsaslanan əməkdaşlığın xalqların rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, eləcə də regional təhlükəsizliyə təhdid yarada biləcək amillərə qarşı birgə fəaliyyətin zəruriliyi bildirilib.
Nazirlər üçtərəfli hərbi təlimlərin dairəsinin genişləndirilməsinin vacibliyini qeyd ediblər. “Eternity” və “Qafqaz Qartalı” təlimləri, habelə digər birgə məşqlər təcrübə mübadiləsi və ordu qüdrətinin artırılması baxımından önəmli hesab olunub.
Tərəflər hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığı da müzakirə ediblər. Görüş sonunda imzalanan protokoldan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib, burada Zakir Həsənov danışıqların faydalı olduğunu və tərəflərin əlaqələri daha da dərinləşdirmək niyyətində olduqlarını bildirib.



