Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” cüdo turniri başa çatıb. Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 2 bürünc medalla 59 ölkə arasında komanda hesabında birinci yerə yüksəlib.
Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, turnirin yekun günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri gümüş mükafata layiq görülüb. Bununla yarışda ölkəmizi təmsil edən idmançıların medal sayı beşə çatıb.
Daha əvvəlki iki yarış günündə Könül Əliyeva -48 kiloqramda, Balabəy Ağayev isə -60 kiloqramda qızıl medal qazanıb. Rəşad Yelkiyev (-66 kiloqram) və Hidayət Heydərov (-73 kiloqram) bürünc mükafatlara sahib çıxıblar.
Könül Əliyevanın qələbəsi həm də tarixi əhəmiyyət daşıyır – o, Dünya Cüdo Turu yarışlarında çempion adını qazanan ilk azərbaycanlı qadın idmançı olub.
Turnirdə iştirak göstəriciləri
Oktyabrın 29-dan 31-dək davam edən “Böyük Dəbilqə” turnirində 374 idmançı mübarizə aparıb. Yarış həm də Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandırıb.
Azərbaycanı turnirdə 9 çəki dərəcəsində 12 cüdoçu — 8 kişi və 4 qadın — təmsil edib.
Həmçinin oxuyun: Könül Əliyeva “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb | Balabəy Ağayev “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb
