Milli Məclisin keçirdiyi səsvermədə Səbinə Əliyeva Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə yenidən təsdiqlənib. O, 100 səs toplayaraq rəqiblərini geridə qoyub.
Səsvermədə digər iki namizəd — Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs qazanıb. Vəzifəyə seçilmək üçün parlamentdə 83 səs çoxluğu tələb olunurdu.
Nəticələr açıqlandıqdan sonra Səbinə Əliyeva ombudsman kimi and içib.
Namizədliklər əvvəlcə Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmişdi. Sənədə görə, müsabiqəyə Səbinə Yaşar qızı Əliyeva, Ceyhun Yasinəli oğlu Qaracayev və Elşanə Rafiq qızı Vəliyevanın namizədliyi irəli sürülmüşdü.
Seçki qaydaları necədir
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Səlahiyyət müddəti bitməzdən 30 gün əvvəl Prezident Milli Məclisə 3 namizəd təqdim edir, parlament isə 15 gün ərzində qərar qəbul etməlidir. Qanunla eyni şəxs ombudsman vəzifəsinə iki dəfədən artıq seçilə bilmir.
Həmçinin oxuyun: Milli Məclisdə “Maraqlar toqquşması haqqında” qanun layihəsi müzakirə olunub
