Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı Kamran Kərimbəyov qurum daxilində vəzifə dəyişib. Bu barədə məlumat onun LinkedIn profilində yer alıb.
LinkedIn profilindəki məlumata görə, Kamran Kərimbəyov 2026-cı ilin oktyabrından etibarən AAYDA-nın Hesabat və analitika şöbəsinə başçılıq edir. Bundan öncə, həmin ilin may-oktyabr aylarında isə agentlikdə Media monitorinqi və təhlili istiqamətini idarə edib.
Onun karyerasında həm özəl sektor, həm də dövlət qurumlarında iş təcrübəsi var. Belə ki, 2025-ci ilin fevral-dekabr aylarında “Prime Cotton” şirkətində marketinq üzrə menecer kimi çalışıb, 2023-2025-ci illər arasında isə “Business Doctor” şirkətində tərəfdaşlıq istiqamətinə rəhbərlik edib.
2019-2022-ci illər aralığında DOST Agentliyinin strukturunda fəaliyyət göstərən DOST Mərkəzinin direktoru vəzifəsini icra edib. Həmin dövrdə ünvanlı sosial yardım, əmək pensiyaları, sosial müavinətlər və dəstək xidmətlərinin icrasına nəzarət edib.
2016-2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Dənizkənarı Bulvar İdarəsinin beynəlxalq əlaqələr və marketinq istiqamətinə rəhbərlik edib. Bu müddətdə Formula 1 Azərbaycan Qran-prisinin hazırlıq işlərinə qoşulub, həmçinin 2016-cı ildə paytaxt Bakıda keçirilmiş 42-ci Şahmat Olimpiadası çərçivəsindəki yan tədbirlərin təşkilatında yer alıb.
Daha əvvəlki illərdə, 2011-2013-cü illər arasında Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr istiqamətində aparıcı mütəxəssis kimi çalışıb. Bundan başqa, “Şərq-Qərb” Beynəlxalq Film Festivalı, “Successful Strategies”, “ISR Oil”, “VILMA Oil” və “Azpetrol” kimi şirkətlərdə də fərqli vəzifələrdə iş təcrübəsi qazanıb.
Kamran Kərimbəyov Project Management Institute tərəfindən verilən PMP® və PMI-ACP® layihə idarəetməsi sertifikatlarına da sahibdir.
