Məktəblərdə adambaşına maliyyələşmə: hökumət hər şagirdə düşən illik xərclərin müəyyənləşməsinə 15 gün vaxt verdi - carci.news
carci.news
Təhsil

Məktəblərdə adambaşına maliyyələşmə: hökumət hər şagirdə düşən illik xərclərin müəyyənləşməsinə 15 gün vaxt verdi

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Sənədə görə, hər bir şagirdə düşən illik təhsil xərclərinin miqdarı və bu məbləğə tətbiq olunacaq artım əmsalları ilə bağlı təkliflər yarım ay ərzində hökumətə təqdim edilməlidir.

Baş nazir Əli Əsədovun 30 sentyabr tarixli 728s nömrəli sərəncamı Prezidentin 24 sentyabr tarixli 793 nömrəli fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

Elm və Təhsil Nazirliyi adambaşına maliyyələşmə prinsipi ilə işləyəcək dövlət məktəblərində məktəb növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına dair təkliflərini hazırlayacaq. Nazirlik eyni zamanda belə məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi qaydalarının layihəsini də təqdim etməlidir. Bu qaydalarda adambaşına xərclərə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının necə tətbiq ediləcəyi də göstəriləcək. Sənədlər Ədliyyə və Maliyyə nazirlikləri ilə razılaşdırılaraq 15 gün ərzində Nazirlər Kabinetinə göndərilməlidir.

Ədliyyə Nazirliyinə hökumətin normativ hüquqi aktlarını yeni fərmana uyğunlaşdırmaq üçün təkliflərini beş ay ərzində təqdim etmək tapşırılıb. Mərkəzi icra hakimiyyəti orqanları öz normativ aktları ilə bağlı lazımi tədbirləri görüb ən geci dörd ay ərzində Ədliyyə Nazirliyinə məlumat verməlidir. Nazirlik də bu aktların fərmana uyğunlaşdırılmasını təmin edib altı ay ərzində hökumətə hesabat verəcək.

Sərəncamın birinci hissəsinin icrasına Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsi, qalan hissələrin icrasına isə Hüquq və qanunvericilik şöbəsi nəzarət edəcək. Sənəd imzalandığı gündən qüvvəyə minib.


Link: https://nk.gov.az/az/senedler/serencamlar/dovlet-umumi-tehsil-muessiselerinde-yeni-maliyyele-9805


Related posts

Bakıda Azərbaycan və Honkonq alimləri elmi əlaqələrin genişlənməsini müzakirə edib

Editor

Bakıda qızların təhsilinə dəstək proqramı beş yaşını qeyd edib

Editor

Məktəblərdə 200-ə yaxın zərərli kontentli səhifəyə giriş bağlanıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP