Qaradağ rayonunda güclü sel nəticəsində dağılmış körpünün yerində yeni, biraşırımlı körpünün tikintisi başa çatdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasına görə, Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində yerləşən körpü intensiv yağıntıların yaratdığı sel sularının təsirindən yararsız hala düşmüşdü. Köhnə qurğunun əvəzinə inşa olunan yeni körpü ilə həmin yol kəsiminin nəqliyyat üçün bərpası təmin edilib.
Agentlik bildirib ki, yeni tikilən körpü yolun daha etibarlı və dayanıqlı olmasına, həmçinin avtomobillərin həmin istiqamətdə təhlükəsiz hərəkətinə xidmət edəcək.
Bu iş, sel və leysan yağışların ölkənin bir sıra bölgələrində yollara, körpülərə və digər yol qurğularına vurduğu zərərin aradan qaldırılması üzrə görülən tikinti-bərpa tədbirlərinin bir hissəsidir. Həmin tədbirlər Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında həyata keçirilir.
