Səbaildə 15-20 bina sökülə bilər, kompensasiyalar açıqlanıb - carci.news
carci.news
Hadisələr

Səbaildə 15-20 bina sökülə bilər, kompensasiyalar açıqlanıb

Bakının Səbail rayonunda ilkin mərhələdə 15-20 binanın sökülməsi planlaşdırılır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, söhbət əsasən istismar müddəti başa çatmış tikililərdən gedir.

Vüqar Orucun sözlərinə görə, sökülmə üçün nəzərdə tutulan tikililər arasında Yüzbəy Mürsəlov, Qurban Abbasov və Salman Mümtaz küçələrindəki, eləcə də 20-ci sahə, Xanlar küçəsi və Badamdar qəsəbəsindəki bəzi yataqxana tipli binalar var.

AQC sədrinin bildirdiyinə görə, həmin binaların bir qismində artıq inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi tamamlanıb. Adətən bu iş üçün satınalma keçirilir və qalib şirkət əmlakların dəyərini müəyyənləşdirir.

Kompensasiyanın həcmi qiymətləndirici şirkət tərəfindən həmin ərazidəki bazar qiymətləri əsasında, xüsusən bir kvadratmetrin dəyəri nəzərə alınmaqla hesablanır. Vüqar Orucun sözlərinə görə, qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya 1500-2200 manat aralığında müəyyənləşib, lakin bu rəqəm bütün bina və mənzillər üçün eyni deyil.

“Bəzi hallarda kompensasiya məbləği qeyd olunan rəqəmlərdən daha yüksək də ola bilər”, – deyə AQC sədri qeyd edib. Onun sözlərinə görə, hər bir söküntü qərarından əvvəl konkret ərazi üzrə ayrıca qiymətləndirmə aparılır.

Vüqar Oruc əlavə edib ki, söküntü prosesi həm investor, həm də dövlət hesabına həyata keçiriləcək. İnvestorun sökdüyü binaların yerində yeni yaşayış binaları tikiləcək, dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işləri aparılacaq, park və yaşıllıq zonaları salınacaq.

İnvestor hesabına aparılan layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər. Bundan başqa, investorla sakinlər arasında birbaşa danışıqlar yolu ilə də kompensasiya razılaşdırıla bilər.

Related posts

Bakıda “Golden Street” hotelinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb

Editor

Sabunçuda yol təmiri: üç gecə ərzində hərəkətə tam qadağa

Editor

Qaradağ rayonunda palçıq vulkanı püskürüb

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP