Prezident İlham Əliyevin imzaladığı fərmanlarla təsdiqlənən qanunvericilik dəyişikliklərinə əsasən, Azərbaycanda texnopark rezidentləri üçün vergi və sosial sığorta güzəştlərinin müddəti 20 ilədək artırılır. Startap investorları üçün yeni stimullar yaradılır, innovasiya məhsullarının dövlət satınalmalarında iştirakı da genişləndirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatına görə, dəyişikliklər 2026-cı il oktyabrın 22-də imzalanmış fərmanlarla təsdiqlənib. Bu çərçivədə Vergi, Miqrasiya Məcəllələrinə, həmçinin “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara düzəlişlər edilib.
Rəsmilərin bildirdiyinə görə, yeniliklər rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək, texnoloji sahibkarlığı dəstəkləmək, xarici mütəxəssisləri ölkəyə cəlb etmək və innovativ məhsulların kommersiyalaşdırılmasını təşviq etmək məqsədi daşıyır.
Güzəştlərin əhatə dairəsi
2027-ci il yanvarın 1-dən müəyyən meyarlara cavab verən texnopark rezidentlərinin gəlir və mənfəətinə, ödənilən dividendlərə, istifadə etdikləri əmlak və torpağa tətbiq olunan vergi güzəştlərinin müddəti 20 ilə çatdırılacaq. Bu güzəştlər texnopark ərazisindən kənarda fəaliyyət göstərən rezidentlərə də şamil ediləcək.
Rezidentlərin müvafiq sahədə çalışan işçilərinin əmək gəlirlərinə 20 il ərzində 0 faiz gəlir vergisi tətbiq olunacaq. Yeni rezidentlər üçün sosial sığorta haqqının hesablanmasında mövcud seçim imkanının müddəti isə 10 ildən 20 ilə uzadılır.
Tədqiqat və inkişaf işlərini təşviq etmək məqsədilə innovasiya məhsullarının hazırlanmasına yönələn əməliyyat xərclərinin vergi tutulan gəlirdən 2,5 əmsalla çıxılması, bu işlərdə istifadə olunan avadanlıqlar üzrə amortizasiya normalarına isə 2 əmsalın tətbiqi nəzərdə tutulur.
İnvestorlar və rəqəmsal səyyahlar üçün şərait
Startaplara vəsait qoyan akkreditə olunmuş investorlar üçün də vergi güzəştləri müəyyənləşdirilib: yatırılan investisiyanın bir hissəsi vergi tutulan gəlirdən çıxılacaq, kraudfandinq və vençur kapitalı investisiyalarından əldə olunan gəlirlərə, habelə işçilərə pay və səhm planları çərçivəsində verilən gəlirlərə 10 illik güzəşt tətbiq ediləcək. Startapların və texnopark rezidentlərinin xarici şirkətlərdən aldığı bulud, platforma, proqram təminatı və API xidmətlərinə görə ödənişlərə isə 20 il müddətinə vergi və ƏDV güzəştləri veriləcək.
Dəyişikliklər həmçinin rəqəmsal səyyahların Azərbaycanda fəaliyyət göstərməsi üçün hüquqi baza yaradır. Xarici mənbələrdən gəlir əldə edən, məsafədən işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən şərtlərlə texnopark rezidenti ola, işgüzar səfər vizası, müvəqqəti və daimi yaşamaq icazəsi mexanizmlərindən yararlana biləcəklər. Yüksəkixtisaslı miqrantların xarici işəgötürənlərdən əldə etdiyi gəlirlərə də 20 illik gəlir vergisi azadolması tətbiq olunacaq.
Dövlət satınalmalarında yeni imkanlar
İnnovasiya məhsullarının dövlət satınalmalarında iştirakını genişləndirmək üçün yeni mexanizmlər də nəzərdə tutulub. Dəyəri 100 min manatadək olan innovasiya məhsullarının alınmasında azı üç təchizatçıdan qiymət təklifi alınması şərtilə ayrıca qayda tətbiq ediləcək, ehtimal olunan qiyməti 250 min manatadək olan satınalmalarda isə innovasiya məhsulları üzrə təkliflərin qiymətləndirilməsində 20 faizlik güzəşt nəzərə alınacaq.
Bundan əlavə, texniki xüsusiyyətləri əvvəlcədən dəqiq müəyyən edilə bilməyən innovasiya məhsullarının sınaqdan keçirilməsi üçün pilot tətbiq mexanizmi yaradılır. Bu çərçivədə hər bir təchizatçı ilə bağlanan müqavilənin məbləği 1 milyon manatadək, müddəti isə 12 ayadək ola bilər.
Dəyişikliklər Prezidentin 2026-cı il fevralın 27-də təsdiqlədiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanıb.
Həmçinin oxuyun: Startap sahiblərinə vergi güzəştləri 7 ilədək uzadıldı | Texnopark işçilərinin səhmdən qazancına 10 illik vergi güzəşti təklif olunur
